Vüsal Hüseynov BMqT-nin regional direktoru ilə görüşüb

Vüsal Hüseynov BMqT-nin regional direktoru ilə görüşüb
  29 May 2018    Oxunub:2045
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoşla görüşüb. BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak görüşdə iştirak edib.
DMX-dan AzVision.az-a verilən məlumata görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşün məqsədi DMX-nin əsas beynəlxalq tərəfdaşlarından olan və 2016-cı ildə BMT ailəsinə rəsmən qoşulmuş BMqT ilə əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.

Xidmət rəisi miqrasiyanın idarəedilməsi sahəsində DMX-nin əsas tərəfdaşlarından birinin BMqT olduğunu və təşkilatın ölkədəki fəaliyyəti çərçivəsində bir çox layihələrin həyata keçirildiyini bildirib.



V.Hüseynov DMX üçün əsas prioritetin mövcud beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsindən, miqrasiya sahəsində Azərbaycanın qlobal səviyyədə mövqeyinin möhkəmləndirilməsindən ibarət olduğunu vurğulayıb.

İcra olunan layihələrin əhəmiyyətinə toxunan Xidmət rəisi Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə çərçivəsində DMX tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatına 16 nəfərlə bağlı ümumilikdə 12 sorğu göndərildiyini və həmin şəxslərdən 12-nin öz mənşə ölkəsinə könüllü qayıdışının artıq həyata keçirildiyini deyib.



Səmimi qəbula görə təşəkkürünü bildirən Argentina Sabadoş təmsil etdiyi təşkilatın 22 ildir Azərbaycanda fəaliyyət göstərdiyinə və 2001-ci ildən Azərbaycanın üzvü olduğu BMqT ilə birgə reallaşdırılan layihələr və onların əhəmiyyətinə diqqət çəkib. Ölkəmizə 2016-cı ildə etdiyi səfərini xatırladıb. Azərbaycanda mövcud olan miqrasiya idarəçiliyi modelinin digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: DMX   Görüş  





Xəbər lenti