Rusiyanın yeni səfirindən gözləntilər böyükdür - ŞƏRH

Rusiyanın yeni səfirindən gözləntilər böyükdür - ŞƏRH
  30 May 2018    Oxunub:1785
Rusiya prezidenti Vladimir Putinin ötən gün imzaladığı sərəncamla Mixail Boçarnikov bu ölkənin Azərbaycandakı səfiri təyin edilib. Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub.
Fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb. Diplomat daha çox NATO əleyhdarı kimi tanınır.

70 yaşlı Boçarnikov Azərbaycan üçün nə vədir? Ondan gözləntilərimiz nədir?

Politoloq Sahil İskəndərov AzVision.az-a bildirib ki, Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri təyin edilməsi ümidverici haldır. Onun sözlərinə görə, yeni səfir Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verə bilər.

“Son 10-15 ildir Azərbaycan və Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan hər iki dövlətin bir-birinə səfir təyin etməsində mövqelər nəzərə alınır. Həm Rusiya prezidenti Vladimir Putin, həm də Azərbaycan prezidenti İlham Əliyev səfirlərin təyin edilməsinə çox həssaslıqla yanaşırlar. Təsadüfi deyil ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini, ermənipərəst mövqeyi ilə bilinən Georgi Zuyevin Azərbaycana səfir təyin edilməsini rəsmi Bakı arzuolunmaz hesab etdi. Bu hal Moskva tərəfindən qəbul olundu. Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri təyin edilməsi ümidverici haldır. İlk növbədə ona görə ki, o, peşəkar diplomatdır. Peşəkar diplomatlar bu və ya digər məsələlərdə ikitərəfli münasibətlərə çox böyük töhfələr verir”.



Politoloq xatırladıb ki, müstəqilliyin ilk illərində Rusiya Azərbaycana qeri-peşəkar diplomatları göndərirdi. Bu isə gərginliyə səbəb olurdu: "Peşəkar diplomatlar ikitərəfli münasibətlərin soyuqlaşmasına yox, peşə vəzifələri tələb etdiyi kimi münasibətlərin yaxşılaşdırılmasına, sıxlaşdırılmasına xidmət edirlər. Bu baxımdan peşəkar Boçarnikovun son 12 ildə Azərbaycan üçün dost və qardaş Qazaxıstanda səfir olmasını nəzərə alsaq, ümid yaranır ki, onun təyinatı Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün müsbət olacaq. Birinci, Qazaxıstan Azərbaycana dost və qardaş ölkədir. İkinci Qazaxıstan müsəlman və türk dünyasının vacib elementlərindən birdir. Boçarnikovun müsəlman aləmində öz dəsti-xəttilə, nüfuzu ilə seçilən, eyni zamanda türk dünyasının önəmli bir dövləti olan Azərbaycana səfir təyin olunması müsbət haldır. Yəni nə Şərq, nə İslam, nə də türk aləmi Boçarnikov üçün yeni bir səhifə deyil. 12 il Qazaxıstan səfir olan diplomatın Azərbaycana səfir təyin olunması Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəyinə ümid edirəm”.



S.İskəndərov qeyd edib ki, Boçarnikov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də mühüm rol oynaya bilər. Belə ki, Boçarnikov Gürcüstanla münasibətlərdə, Abxaziya və Cənubu Osetiya məsələlərində Rusiya tərəfindən xüsusi nümayəndə olub, danışıqlarda iştirak edib.

"Bu, o deməkdir ki, post-Sovet məkanındakı münaqişələr də onun üçün yeni bir şey deyil. O, bununla bağlı kifayət qədər təcrübəyə malikdir. 2008-ci il müharibəsindən sonrakı Gürcüstan-Rusiya danışıqlarında, iki dövlət arasındakı münasibətlərin tənzimlənməsində xüsusi nümayəndə kimi iştirak etməsi göstərir ki, onda bu sahədə də təcrübə var. Düşünərəm ki, bu baxımdan Dağlıq Qarabağ münaqişəsində Moskvanın mövqeyinin daha da ədalətli olması, Rusiya Xarici İşlər Nazirliyinin bu müstəvidə daha obyektiv, beynəlxalq münasibətlər kontekstinə uzlaşan mövqe tutmasında səfir öz rolunu oynayacaq. Düşünürəm ki, təyinat həm Rusiya-Azərbaycan münasibətlərində, həm ümumilikdə region, ilk növbədə isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapmasında bəhrəsini verəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rusiya   Səfir  





Xəbər lenti