Kütləvi vətənpərvərlik tədbirləri aylığına start verilib

Kütləvi vətənpərvərlik tədbirləri aylığına start verilib
  02 İyun 2018    Oxunub:1540
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbirləri aylığının açılış mərasimi olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçiriləcək hərbi vətənpərvərlik aylığının məqsədi, mahiyyəti və proqramı barədə ətraflı məlumat verərək bildirib ki, tədbirlərdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında, eləcə də müstəqil Azərbaycanın ordu quruculuğunda müstəsna xidmətləri bir daha xatırlanacaq, şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri, muzey və abidələr, həmçinin Şəhidlər xiyabanları ziyarət ediləcək, Silahlı Qüvvələrimizin tarixinə nəzər salınacaq, görkəmli hərbçilərin xatirələri yad olunacaq, elm, ədəbiyyat, incəsənət xadimləri, Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranları ilə görüşlər keçiriləcək. Habelə Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, Həzi Aslanov adına Mərkəzi və Gəncə Qarnizonu Zabitlər Evlərinin yaradıcı kollektivlərinin, incəsənət ustalarının cəbhə bölgələrinə səfərləri təşkil ediləcək, hərbi vətənpərvərlik mövzusunda çəkilmiş sənədli və bədii filmlər nümayiş olunacaq.

Diqqətə çatdırılıb ki, Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq teatrlaşdırılmış, kinolaşdırılmış kütləvi vətənpərvərlik bayramına on mindən çox rayon sakini, hərbi qulluqçu və qonaqların qatılacağı gözlənilir.

Şəmkir, Göygöl, Qusar, Xaçmaz, Salyan, Lerik və digər rayonlarda “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı ədəbi-bədii gecələr, “Azərbaycan Xalq Cümhuriyyətinin Döyüş Bayrağına düzlən!” devizi altında bədii-təşviqat marafonu keçiriləcək.

Müdafiə Nazirliyinin şəxsi heyət baş idarəsinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev mərasim iştirakçılarını Nazirliyin rəhbərliyi adından salamlayaraq qeyd edib ki, ölkəmizdə gənc nəslin Heydər Əliyev ideyaları əsasında, vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimizə, şanlı hərb tariximizə sədaqət istiqamətində tərbiyə edilməsi, formalaşdırılması günümüzün aktual mövzularındandır. Bu məsələyə dövlət rəhbərliyi səviyyəsində xüsusi önəm verilir və ardıcıl, məqsədyönlü iş aparılır.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, nəinki birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayonlarda mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir və hər bir vətəndaş, hər bir əsgər Ali Baş Komandanın əmrlərinə daima hazır olmağa istiqamətləndirilir.

General-mayor R.Əliyev əmin olduğunu bildirib ki, kütləvi vətənpərvərlik tədbirləri aylığı da Vətənə, dövlətə, xalqa, ordumuza, eləcə də ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin təntənəsinə çevriləcək.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov ulu öndər Heydər Əliyevin xalqın tələbi və xahişi ilə 1993-cü ildə Azərbaycan hakimiyyətinə qayıdışını əsl vətənpərvərlik nümunəsi, xilaskarlıq missiyası kimi dəyərləndirib.

“Bu qayıdış doğma Azərbaycanımızı parçalanmaq təhlükəsindən, Vətənimizi vətəndaş müharibəsindən xilas etdi, ölkəmizin ordu quruculuğunda yeni bir mərhələnin bünövrəsini qoydu. Azərbaycan əsgəri öz Ali Baş Komandanını ön səngərdə gördü. Azərbaycan əsgəri böyük dahi, qətiyyətli sərkərdə Heydər Əliyevdən xeyir-dua alaraq üzərində “Heydər Əliyev uğrunda irəli!” sözləri yazılmış tanklarla, zirehli texnikalarla döyüş meydanlarına atıldı. Qarabağ müharibəsi tarixinə “Horadiz əməliyyatı” kimi düşmüş döyüş əməliyyatları zamanı Füzuli və Cəbrayıl rayonlarının 20-dən çox yaşayış məntəqəsi düşməndən azad edildi.

2016-cı ilin aprel ayında isə bu qələbə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə təkrarlandı. Bu gün xalqımız və ordumuz Ulu Öndərin hakimiyyətə qayıdışının 25-ci ildönümünü və Silahlı Qüvvələrin yaranmasının 100 illik yubileyini qazanılmış yeni-yeni uğur və nailiyyətlərə qarşılayır”, - deyə Milli Məclisin deputatı Elman Nəsirov vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru, yazıçı-jurnalist Rəşad Məcid Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin tarixində müstəsna xidmətlərindən, Azərbaycan Ordusunun regionun ən güclü ordularından biri, həmçinin Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksək səviyyədə olmasından qürurla söhbət açıb.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli tez-tez hərbi hissələrdə olmasından, ordumuzun qüdrətindən, şəxsi heyətin hər an Ali Baş Komandanın əmrlərinə müntəzir olmasından iftixar hissi ilə danışıb.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kafedra müdiri, hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyeva Azərbaycan ordusu ilə xalqının indiki kimi heç vaxt belə sıx əlaqələrinin olmadığını deyib və ordumuzda keçirilən “Açıq qapı” günlərində, digər kütləvi tədbirlərdə iştirakını xatırlayaraq hərbi vətənpərvərlik aylığı çərçivəsində keçiriləcək tədbirlərin də yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, Qarabağ müharibəsinin iştirakçısı Mikayıl Zeynalov Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim və tələbə heyətinin də bu aksiyaya qoşulduğunu, kollektivin bu yaxınlarda cəbhə bölgələrinə səfər edəcəyini diqqətə çatdırıb.

Sonda Azərbaycan incəsənət ustalarının, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi yaradıcı heyətinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant xorunun iştirakı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya təqdim edilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti