Komitədən Hadı Rəcəblinin "Facebook" söhbətinə münasibət

Komitədən Hadı Rəcəblinin "Facebook" söhbətinə münasibət
  03 İyun 2018    Oxunub:5382
"Sosial şəbəkələrin ailələrin dağılmasında rolu var. Lakin bu səbəb dünyanın digər ölkələrində müşahidə edilən boşanma səbəblərindən daha az faiz təşkil edir"
Bunu AzVision.az-a açıqlamasında Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

Komitə rəsmisi deyib ki, dünyanı bu gün narahat edən ən vacib məsələlərdən biri ailə institutunun möhkəmləndirilməsidir.

"Təəssüflər olsun ki, aktual mövzulardan biri boşanmaların sayının artmasıdır. Hər bir ölkənin özünəməxsusluğu və səbəbləri var. Azərbaycanda bu səbəblər sırasında xasiyyətlərin tutması, reproduktiv sağlamlıq problemləri, məişət zorakılığı, tərəflərdən birinin zərərli vərdişlərə aludəçiliyi və digərlərini qeyd etmək olar. Bu gün elə zamanda yaşayırıq ki, müasir informasiya texnologiyaları olmadan həyatımızı təsəvvür edə bilmərik. Bu, yeni tendensiyadır və özü ilə böyük yeniliklər gətirir. Təəssüflər olsun ki, İKT mənfi tendensiya da gətirir, asılılıq yaradır. İnsanlar sosial şəbəkələrdə daha çox vaxt keçirir. Sosial şəbəkələr onları real dünyadan ayıraraq virtual dünyaya aparır. Əlbəttə, bu da münasibətlərdə problem yaradır. Sosial şəbəkələrdə o qədər xoşagəlməz informasiyalar oxuyurlar ki, onlar ailədaxili münasibətlərə təsirsiz ötüşmür. Dünyanın digər ölkələrində 10 nəfərdən 4-5-i sosial şəbəkələrin təsiri nəticəsində boşanır. Lakin bizdə belə deyil. Azərbaycanlı vətəndaşın əxlaqı, milli-mənəvi dəyərləri, ailə haqqında dünyagörüşü tamam başqadır".



A. Veysəlova bildirib ki, sosial şəbəkələr Azərbaycanda ailələrin dağılmasına çox cüzi təsir edir. "Sosial şəbəkələrdə kiminlə tanış olmaq və ya evli ola-ola onunla danışmaq insanın özündən asılıdır. Əgər belə olursa, o zaman bu tərəfdə nəsə düzgün olmayan, narahat mühit var ki, insan bunu edir. Nəticədə digər mühitdə də özünü rahat hiss etmir. Ona görə insanlar diqqətli olmalı, hər deyilən məsələyə münasibət bildirməməlidir".

Qeyd edək ki, Milli Məclisin deputatı Hadı Rəcəbli çıxışlarının birində sosial şəbəkələrin, xüsusən də "Facebook"un ailələri dağıtdığını, boşanmalara səbəb olduğu bildirmişdi. Onun fikirləri cəmiyyətdə birmənalı qarşılanmamış, geniş müzakirələrə səbəb olmuşdu.

Aytən Zəhra
AzVision.az


Teqlər: Komitə   Ailə   Boşanma  





Xəbər lenti