Selin rayonlara vurduğu ziyan hesablanır

Selin rayonlara vurduğu ziyan hesablanır
  04 İyun 2018    Oxunub:1466
Leysan yağışı və sel sularının rayonlarda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

AzVision.az Ağsu, Göyçay və İsmayıllı rayonunda sel sularının yaratdığı fəsadlar və görülən işlərlə bağlı icra hakimiyyətləri ilə əlaqə saxlayıb.
Ağsu rayon icra başçısının müavini, rayon fövqəlada hallar komissiyasının sədri İqbal Mikaylıov saytımıza bildirib ki, sel sularının çoxluğu səbəbindən Ağsu çayında sahil-bərkitmə işləri ləngiyir.

“Sel suları yuyulan yerlərdə bərkitmə işləri aparılmalıdır. Aidiyyatı orqanlara xəbər verilib, layihə artıq hazırdır. Sahil suyu azalandan sonra sahil-bərkitmə işlərinə başlanılacaq. Ağsu çayının Maşadqanlı kəndindən keçən hissəsində sel suları yolu dağıtmışdı. Dünən günortadan sonra kəndə alternativ yol çəkilib, gediş-gəliş bərpa olunub. Leysan yağışı rayonda taxıl zəmilərinə və məhsuldarlığa ciddi ziyan vurub”.

Göyçay rayon icra başçısının birinci müavini , rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev qeyd edib ki, sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün fasiləsiz iş aparılır.

"Həmin betonlar sahilin yuyulan hissələrinə düzülür, həm sahil yumanın qarşısını alır, həm də suyun səmtini dəyişirlər. Bundan sonra köhnə körpü bərpa olunacaq və gediş-gəliş təmin ediləcək. Körpünün yanaşma zonasında torpaq yuyulub və körpü 10 metr aralanıb, ona görə də magistral xətt və rayonla 38 kəndin əlaqəsi kəsilib, gediş-gəliş yoxdur. Çayın yuxarı hissəsində qəzalı vəziyyətdə olan piyada keçidi bərpa olunub. Maşınların gedişi ancaq Ucardan mümkündür. Əhalinin şəhərlə əlaqəsini yaratmaq üçün texnikaları, avtobusları çayın o biri sahilinə keçirmişik. Əhali piyada keçidindən keçərək kəndlərə avtobuslarla gedə bilirlər".

İ.Vəliyevin sözlərinə görə, sel sularının dayaqları yuması nəticəsində qazın verilişində problemlər yaranıb: “Qaz xəttininin birinci məntəqədən şəhərə verilişi kəsilib, bərpa olunması üçün işlər davam edir. Magistral telefon xətti tamamilə bərpa olunub. İşıq və içməli sudan isə nartahatçılıq yoxdur. Sahilə yaxın 50 ailənin yaşadığı evlərdə problem olacağını gözləyirdik, onları çıxarmışdıq. Lakin axşamdan onlar evlərinə qaytarılıb. Sahilə yaxın 5 ailənin yaşadığı bir ev təhlükəli vəziyyətdədir, çox güman ki, orada yaşamağa icazə verilməyəcək. Komissiyanın araşdırması və yekun qərarından sonra ya onlar harasa köçürüləcək, ya da ev tikilib veriləcək”.

İ.Vəliyev, həmçinin kənd təsərrüfatına dəyən ziyanın müəyyənləşdirildiyini bildirib. O qeyd edib ki, 3 kənddə taxıla böyük ziyanlıq dəyib.

İsmayıllı rayon icra başçısının müavini, rayon fövqəlada hallar komissiyasının sədri Rövşən Ağayev isə bildirib ki, rayon ərazisində başlayan güclü küləklə müşayiət olunan leysan yağışlarının elektrik və yol təsərrüfatına vurduğu ziyan aradan qaldırılır.

"Aidiyyatı strukturların həyata keçirdikləri tədbirlər nəticəsində kəndlərə elektrik enerjisinin verilişi və rayon mərkəzi ilə avtomobil əlaqəsi bərpa olunub. Zərərlə bağlı müraciət olunmuş mülki və sosial obyektlərə baxış keçirilir. Hazırda kənddaxili yolların bərpası işləri aparılır".

R.Ağayev bildirib ki, sel suları rayonun 4 min hektar taxıl zəmisini yatırdıb, 50 hektara yaxın taxıl zəmisini isə tamamilə məhv edib.

"Həmçinin meyvəçilik və tərəvəzçiliyə də ciddi ziyan dəyib. Bundan əlavə, məcburi köçkünlərin məskunlaşdığı rayonun Diyallı kənd Mədəniyyət evinin damı tamamailə dağılıb. İki ailənin 6 üzvü çadırlara köçürülüb və aidiyyatı orqanlara məlumat verilib".

Aytən Zəhra
AzVision.az



Teqlər: Ağsu   Göyçay   İsmayıllı   sel   yağış  





Xəbər lenti