Türkiyəli analitiklər Paşinyanın antiRusiya siyasətindən yazır

Türkiyəli analitiklər Paşinyanın antiRusiya siyasətindən yazır
  04 İyun 2018    Oxunub:3399
Türkiyə mətbuatında Ermənistanın yeni baş naziri Nikol Paşinyanın yürütdüyü siyasəti təhlil edən bir sıra məqalələr dərc olunub.
Belə məqalələrdən birini Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztək qələmə (məqalənin tam mətni) alıb.

İ.Öztəkin məqaləsində vurğulanır ki, Paşinyanın açıq şəkildə Soros və Amerikanpərəst strategiya müəyyənləşdirməyə çalışmasını Rusiya narahatlıqla izləyir.

Təhlildə, həmçinin qeyd olunur ki, yeni baş nazir Nikol Paşinyan strateji postlara - müdafiə və xarici işlər nazirliklərinə, Milli Təhlükəsizlik Şurasına ABŞ-ın təsiri altında olan şəxsləri rəhbər təyin edib.

Bundan əlavə bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, təhsil və elm naziri Araik Arutunyan vaxtilə Soros Fondunun maliyyələşdirdiyi “Transparency International” təşkilatında koordinator olub. Dövlət Nəzarəti Xidmətinin rəhbəri David Sanasaryan isə qərbyönlü olmaqla yanaşı Rusiyafobdur. O, Rusiya hərbi bazasının ölkədən çıxarılmasına yönəlik fəaliyyətlə məşğuldur.

Dəyişiklik və siyasi xətt Ermənistanın Rusiya mövqeyindən ABŞ və Qərb mövqeyinə yönəldiyini göstərir. Bu isə Rusiya əleyhinə yürüdülən siyasətdir.

Digər bir məqaləni isə Memar Sinan Gözəl Sənətlər Universitetinin Tarix Fakultəsinin müəllimi, professor İlyas Kamaloğlu yazıb. Müəllif məqaləsində qeyd edir ki, İrəvanda baş verənlər Türkiyə ilə münasibətlərə təsir etməklə yanaşı bölgədəki balansı pozma potensialına da malikdir.

Müəllif vurğulayır ki, Ermənistanda xalqın küçələrə çıxmasının ən önəmli səbəbləri – Ermənistanın iqtisadi problemlər içərisində olması, Azərbaycanın iqtisadi gücü, bölgədə önəmli layihələrə imza atması, güclənən Azərbaycanla təkbaşına mübarizə apara bilməməsi və beləliklə Rusiyanın bir “əyaləti”nə çevrilməsidir.

İ.Kamaloğlu hesab edir ki, çevriliş Ermənistana nə sabitlik gətirəcək, nə də iqtisadi problemlərini həll edəcək. Çünki Ermənistanın işğalçı siyasəti onu əhəmiyyətli regionlar layihələrdən kənarda saxlayıb. Ölkə iqtisadiyyatının güclənməsi üçün Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr qurmalıdır. Bu da Dağlıq Qarabağ problemini həll etmədən, qondarma “soyqırım” iddialarından əl çəkmədən mümkün deyil.

“Paşinyan baş nazir olaraq etdiyi ilk açıqlamada Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcəyini, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları təkrar bərpa edəcəyini açıqladı. Bununla hamının “könlünü almağa” çalışdı və özü üçün siyasi mənada manevr imkanı qazandı. Bu bir tərəfdən də Ermənistanın yürütdüyü siyasətin dəyişməyəcəyini göstərir. Paşinyanın Rusiya ilə hərbi sahədə iş birliyini davam etdirmək istəməsinin isə bir səbəbi var. Bu Dağlıq Qarabğ məsələsində geri addım atmamaq niyyətindən qaynaqlanır. Hətta rusiyalı analitiklərin fikrincə, Paşinyan bu məsələdə əvvəlki ölkə başçılarından daha sərt mövqe sərgiləyəcək. Bu isə Ermənistanın heç bir probleminin həll olunmayacağına işarədir” – deyə müəllif bildirib.

Müəllif xüsusi vurğulayıb ki, Rusiya Ermənistanın Qərblə yaxınlaşmasına imkan verməyəcək və bunun üçün əlindəki bütün vasitələrlə ona təzyiq edəcək.

Məqalənin tam mətnini BURADAN oxuya bilərsiniz.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Paşinyan  





Xəbər lenti