Ölkədə əlillik problemini həll etməyin ASAN yolu

Ölkədə əlillik problemini həll etməyin ASAN yolu
  04 İyun 2018    Oxunub:3128
“Əlilliyin təyin olunması spesifik işdir, burada həkim ekspertlərin olması labüddür. Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziriklərinin birgə fəaliyyəti, əlilliyin reabilitasiyasının aparılması, əlilliyin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi lazımdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Deputat hesab edir ki, proses mütləq həkimlərin və sosioloqların birgə iştirakı ilə həyata keçirilməlidir. Onun sözlərinə görə, əlilliyin təyin edilməsində "ASAN Xidmət" modelində olduğu kimi şəffaflıq mütləq şəkildə əsas tələb olmalıdır.

“Dünyanın hər yerində bunu həkim ekspertlərdən ibarət komissiyalar həyata keçirir. Bizdə bu sahədə çoxlu ciddi problemlər var. Yeni nazir problemlərdən məlumatlıdır və narahatlıqlığını bildirib. Yəqin ki, onlar komissiya yaradıb, bu məsələnin həlli üçün əməli işlər görə bilərlər”.



M.Quliyevin fikrincə, Azərbaycanda əlillik probleminin fəlsəfəsinə yeni baxış olmalıdır: “Məsələnin köklü şəkildə həlli üçün addımlar atılmalıdır. Əlilliyin qarşısının alınması və reabilitasiyası ilə bağlı Dövlət Proqramı olmalıdır. Əlilliyin ekspertizasının bu gün dünyada aparılan meyarları və qaydaları öyrənilib, ölkəmizdə tətbiq olunmalıdır. Saxta əlillik təyinatı ilə bağlı nəzarət aparılmalıdır ki, belə hallar baş verməsin. Konkret məsul şəxslər müəyyənləşdirilməlidir, vaxtaşırı yoxlamalar həyata keçirilməlidir. Yəni bu sahədə ciddi islahatalar görülməli və daimi nəzarət işləri aparılmalıdır”.



Deputat təəssüflə qeyd edib ki, bizdə əlilliyin təyin edilməsi sahəsində ciddi problemlər mövcuddur: “Təəssüflər olsun ki, problemlər çoxdur, biz konkret model seçib, həmin model üzərində işimizi qura bilməmişik. Gah Rusiya modelinə keçmişik, gah alman modelini götürdülər, indi də qarışıq modeldən istifadə edirlər. Əlillərin reabilitasiyası demək olar ki, aradan çıxıb. Bundan sonra görülməsi ciddi işlər var. Düşünürəm ki, bununla bağlı elmi-tədqiqat işləri aparılmalı, AMEA-nın müxtəlif instututları işə cəlb edilməlidir. Həmçinin konkret tövsiyyələr ortaya qoyulmalı və Nazirlər Kabineti səviyyəsində qərarlar qəbul edilməlidir”.

Qeyd edək ki, Milli Məclisin sonuncu iclasında birinci vitse-spiker Ziyafət Əsgərov ölkəmizdə əlilliyin təyin edilməsinin “ASAN Xidmət”ə verilməsini təklif edib. Sədr müavini bildirib ki, bu sahənin "ASAN Xidmət"ə verilməsi ilə əlillərin canı süründürməçilikdən qurtulacaq. Onun təklifi deputat həmkarları tərəfindən müsbət qiymətləndirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: ASAN-Xidmət   Əlil   Deputat  





Xəbər lenti