Məmmədyarov yeni səfirlə görüşüb

Məmmədyarov yeni səfirlə görüşüb
  05 İyun 2018    Oxunub:907
Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu qəbul edib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, etibarnaməsinin surətini E.Məmmədyarova təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan və Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edilib. Əsası qoyulmuş Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP və TAP layihələrinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına əminlik qeyd olunub.

Nazir Bolqarıstanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair davamlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə ikitərəfli gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər: XİN   Məmmədyarov   Səfir  





Xəbər lenti