“Azərbaycan inanılmaz nailiyyətlər əldə edib” - Trampın köməkçisi

“Azərbaycan inanılmaz nailiyyətlər əldə edib” - Trampın köməkçisi
  06 İyun 2018    Oxunub:4062
ABŞ paytaxtının tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.
Azərbaycan Respubliakısının ABŞ-dakı Səfirliyindən AzVision.az-a verilən xəbərə görə, ziyafətdə ABŞ tərəfini Daxili işlər və ekologiya naziri Rayan Zinke, “Ağ Evin” rəsmi nümayəndəsi və ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Hill, Dövlət katibinin təhsil və mədəniyyət üzrə köməkçisi Mari Roys, Dövlət katibinin köməkçisinin müavinləri Bricit Brink, Tim Lenderkinq və Dan Rasenblum, Müdafiə katibinin köməkçisinin müavini Laura Kuper, ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədri Andrü Şofer, ABŞ milli qvardiyasının sədr müavini, üç ulduzlu general Daniel Hokanson, konqresmenlər Bill Şuster, Henri Koeller, Mark Medous, Kolumbiya dairəsinin katibi Lauren Vaugan təmsil edib.



Min nəfərədək qonağın iştirak etdiyi ziyafətdə ABŞ-ın dövlət qurumları, o cümlədən “Ağ Ev”, Dövlət Departamenti, Müdafiə Departamentinin çoxsaylı təmsilçiləri, Konqres üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, xarici ölkə səfirləri, hərbi attaşeləri və diplomatik korpusun digər əməkdaşları, düşüncə mərkəzləri, geniş ictimaiyyət, o cümlədən Azərbaycan, türk və yəhudi icmasının çoxsaylı nümayəndələri iştirak edib.



Tədbirin əvvəlində ABŞ hərbi hava qüvvələrinin hərbi orkestri Azərbaycanın və ABŞ-ın dövlət himnlərini təntənəli şəkildə ifa edib. Ziyafətin açılışında çıxış edən səfir Elin Süleymanov sözügedən tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu bəyan edib. Diplomat 100 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının qanunauyğunluğunu qeyd edərək, mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin qurulması, tolerantlıq ənənəsinin inkişafı və dini, etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmini edildiyini, bir çox aparıcı Qərb dövlətlərindən daha əvvəl qadınlara səsvermə hüququnun verildiyini bildirib.



100 il sonra yenə Azərbaycanın qabaqcıl mövqedə dayandığını söyləyən səfir Süleymanov ölkəmizin regionda həyata keçirdiyi irimiqyaslı layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırlatmış, Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini bildirmiş, bu layihələrin yalnız Azərbaycan deyil, daha geniş coğrafiyanın inkişafına səbəb olduğunu vurğulamış, ölkəmizin regionda liderlik rolunun ölkəmizin başçısının strateji və uzaqgörən baxışı ilə bağlı olduğunu önə çəkmişdir. Bundan başqa, tolerantlıq və multikulturalizm ənənələri ilə fərqlənən Azərbaycanda müsəlman, xristian, yəhudi və digər dini qrupların Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyini eyni coşqu ilə qeyd etdiklərini söyləyən səfir xalqımız üçün müstəqilliyin əsas nemət olduğunu vurğulayıb. Səfir Azərbaycanda yəhudi sinaqoqu və pravoslav kilsəsində Azərbaycan himninin xorla ifa edilməsi videosuna istinad edərəkç himnin gözyaşı ilə oxunduğu xatırladıb, Azərbaycanın bütün vətəndaşları üçün sevimli vətən olduğunu vurğulayıb.



Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan və bir çox sahəni, o cümlədən enerji təhlükəsizliyi, terrorla mübarizə, müdafiə və təhlükəsizlik məsələlərini əhatə edən əməkdaşlığı vurğulayib. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırlayan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin, E.Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illi münasibətilə prezident D.Tramp və Dövlət katibi M.Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini razılıqla xatırladıb. Səfir Süleymanov Azərbaycanın tarixi ənənələri, xalqın iradəsi və dövlət başçısının düşünülmüş uzaqgörən siyasətinin ölkəmizin uğur formulunu təşkil etdiyini söylədi. Azərbaycan diplomatı ümidvar olduğunu bildirdi ki, tezliklə ölkəmizin torpaqları azad olunacaq, didərgin düşmüş soydaşlarımız öz yurdlarına geri qayıdacaq və Ermənistanla Azərbaycan arasında beynəlxalq hüquq əsasında sülh bərqərar olunacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevə istinadən səfir Süleymanov qeyd etdi ki, Azərbaycan Xalq Cümhurriyətinin quruculuları bugünlə fəxr edərdi.



Bir vətəndaş kimi son əsrdə ölkəmizin keçdiyi yoldan şərəf duyduğunu söyləyən Azərbaycan diplomatı dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov və Qara Qarayev, repressiyalara məruz qalmış Mikayıl Müşviq, Hüseyn Cavid, II Dünya müharibəsində faşizmlə müharibədə canlarını qurban vermiş soydaşlarımız, Azərbaycan elmini quran alimlərimiz, 20 yanvarda ölkəmizin müstəqilliyi, habelə Ermənistanın təcavüzünə qarşı mübarizə apararaq şəhid olmuş hər kəsin bu günlə fəxr edə biləcəyini söylədi, habelə dünyada özünü Azərbaycana bağlı sayan hər kəsin bayram etdiyini vurğuladı. ABŞ-ın müxtəlif ştatlarında soydaşlarımız tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini söyləyən səfir bu sırada Nyu York, Hyuston, Çikaqo şəhərlərini qeyd etdi, habelə bu yaxınlarda Bruklində Azərbaycanın 100 və İsrailin 70 illiyi ilə bağlı tədbirin Azərbaycan əsilli yəhudilərin təşkil etdiyini misal göstərdi. Səfir ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını bildirib və ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, o cümlədən Balkanlar, İraq və hazırda Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb. Səfir Süleymanov Vətənimizin keşiyində layiqincə göstərdikləri xidmətlərə və dünyanın müxtəlif yerlərində sülhməramlı missiyalarda iştirakına görə Azərbaycan hərbiçilərinə minnətdarlığını bildirib. E.Süleymanov ABŞ administrasiyası da daxil olmaqla ziyafətdə çoxsaylı qonaqların iştirakının ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirdib. Həmçinin səfir tədbirin məhz Ramazan ayına təsadüf etməsini xoş məqam kimi qeyd edərək müstəqilliyin Azərbaycan üçün ən vacib nemət olduğunu vurğuladı.



Tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı fikirlərini ifadə ediblər. Daxili işlər və ekologiya naziri Rayan Zinke çıxış edərək Azərbaycan Xalq Cümhurriyətinin 100 illiyi ilə bağlı səmimi təbriklərini catdırdı. O, Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayaraq ölkəmizin verdiyi töhfələrin nəzərə alınmasının vacibliyini bildirdi. Ölkəmizi müttəfiq, dost və tərəfdaş adlandıran ABŞ naziri Azərbaycanı həm region, həm də dünya üçün çox vacib olduğunu söylədi.



ABŞ prezidentinin xüsusi köməkçisi Fiona Hill çıxışında prezident Donald Trampın Azərbaycan Xalq Cümhuirriyətin 100 illiyi ilə bağlı ölkəmizin dövlət başçısı cənab İlham Əliyevə ünvanladığı məktubu ziyafət iştirakçıları üçün oxudu. Sonra o, ilk dəfə 30 il əvvəl – 1988-ci ildə ölkəmizə səfər etdiyini xatırlayaraq hazırda Azərbaycanının inanılmaz nailiyyətlər əldə etdiyini vurğuladı.



ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Bricit Brink bu yaxınlarda Azərbaycandan səfərdən olduqca məmnum qayıtdığını Azərbaycanın mürəkkəb regionda müstəqil siyasət yürütdüyünü vurğuladı. O, Azərbaycan Xalq Cümhurriyətinin ilk müsəlman demokratik respublikası olduğunu xatırladaraq bu dövlətin nailiyyətlərini sadaladı. Hazırda Azərbaycanın vacib roluna vurğu qoyan B.Brink ölkəmizin təşəbbüsü ilə həyata keçirilən vacib enerji, nəqliyyat və digər layihələri sadaladı. ABŞ rəsmisi Cənub Qaz Dəhlizinin uğurla tamamlanması və genişlənməsini ölkəsinin dəstəklədiyini bildirərək bu layihənin Xəzər regionunu dünya iqtisadiyyatına inteqrasiya edəcəyini söylədi.



Daha sonra ABŞ milli qvardiyasının sədr müavini, üç ulduzlu general Daniel Hokanson çıxış edərək Pentaqonun Azərbaycanla əməkdaşlığın tarixçəsinə nəzər yetirdi, ABŞ-ın ölkəmizlə tərəfdaşlığa önəm verdiyini önə çəkdi. Konqresdə Azərbaycan İşçi Qrupunun rəhbəri Bil Şuster və konqresmen Henri Kueller öz çıxışlarında 100 illik münasibətilə Azərbaycanı təbrik etdi, ölkəmizi ABŞ üçün vacib tərəfdaş olduğunu bildirdi, Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğuladı.



Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Lauren Vaugan 2018-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub. Sonra Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam qubernator Meri Fellinin 28 may tarixinin Oklahoma ştatında Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatının mətnini oxuyub.



Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhurriyyətinin 100 illiyi ilə bağlı hazırlanmış film göstərilib, “Silk Road Dance Company” və “Ritm Rəqs” qrupunun ifasında Azərbaycanın milli musiqi və rəqs nümunələri qonaqları valeh edib və milli mətbəxin nümunələrindən ibarət təamlar təqdim olunub. Ziyafətin Ramazan ayına təsadüf etdiyini nəzərə alaraq oruc tutan qonaqlar üçün, həmçinin iftar süfrəsi təşkil edilib.



Azərbaycan Xalq Cümhurriyətinin 100 illiyi təntənəli tədbiri ABŞ tərəfi olduqca yüksək səviyyədə təmsil olundu. Belə ki, ilk dəfə tədbirdə çoxsaylı natiqlər sırasında ABŞ kabineti səviyyəsində nazir, eləcə də “Ağ Ev”, Dövlət Departamenti və Müdafiə Düpartamentinin yüksək rütbəli rəsmiləri və Konqres üzvləri birlikdə çıxış etdi.

AzVision.az


Teqlər: ABŞ   AXC   Azərbaycan  





Xəbər lenti