İsmayıllıda ağacəkmə kampaniyasına başlanılacaq

İsmayıllıda ağacəkmə kampaniyasına başlanılacaq
  07 İyun 2018    Oxunub:859
Meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən növbəti görüş İsmayıllı rayon İcra Hakimiyyətində təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə ETSN-nin səlahiyyətli şəxsləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edib.

Görüşdə meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, cavabdeh şəxslərin məsuliyyətinin daha da artırılması məsələsi müzakirə olunub.

Qeyd edək ki, ətraf mühitin qorunmasında, o cümlədən meşələrin mühafizəsində ETSN-nin birmənalı mövqeyi bütün qanun pozuntularının qarşısının alınmasından ibarətdir. Nazirliyin hədəfi ekologiyaya aid bütün sahələrdə qanunvericiliyin tələblərinə riayət olunmasına, xüsusilə meşələrin qeyri-qanuni yollarla kəsilməsinin birdəfəlik aradan qaldırılmasına nail olmaq, bu işdə ictimaiyyətin bütün təbəqələrinin yaxından iştirakını və güclü nəzarətini təmin etməkdir.

Görüşün nəticəsi olaraq rayon ictimaiyyətinin təşəbbüsü ilə meşə ətrafı kəndlərin sakinləri tərəfindən vaxtilə kəsilmiş ağacların bərpası üçün meşələrdə ağacəkmə kampaniyasına başlanılacağına, hər kənd tərəfindən isə yaxınlıqda olan meşə sahəsinin birmənalı olaraq ictimai mühafizəsinin təşkilinə dair qərar verilib.

Meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə Nazirlik tərəfindən digər rayonlarda da belə görüşlərin təşkili davam etdiriləcək.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti