Günəbaxan səhələrində parazit alaq otu aşkarlanıb

Günəbaxan səhələrində parazit alaq otu aşkarlanıb
  08 İyun 2018    Oxunub:2355
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fitosanitar monitorinqləri zamanı günəbaxan sahələrində parazit bitki olan Orobanş və ya xalq arasında kəhrə (türk dilində Canavar otu) adlanan alaq otu aşkar olunub.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, sirayətlənmə Samux rayonunun Əhmədbəyli, Ağasıbəyli, Alıuşağı, Zazalı, Lək kəndlərinin ərazisini əhatə edib. Mütəxəssislər tərəfindən fermerlərə və təsərrüfat sahiblərinə parazit alaq bitkisinə qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı tövsiyyələr verilib.

Kəhrə çiçəkli parazit alaq otudur, əsasən günəbaxan, kələm, pomidor, tütün, kök, kartof, bibər, badımcan, qarpız, yemiş kimi mədəni bitkilərə yoluxur. Kökü və yarpağı olmur, yalnız gövdə, çiçək və tozlu toxumdan ibarət olur və gövdəsinin uzunluğu 50 sm-ə qədər çatır.

Hər günəbaxan bitkisinin kökündən 4-200 arası kəhrə çıxa bilir ki, bu da bitkinin böyüməsini dayandırır, günəbaxan bitkisinin kökündə inkişaf edərək mineral və üzvi maddələri mənimsəyir, sahib bitkini zəiflədərək məhsuldarlığı aşağı salır və məhv edir. Torpağın quru, optimal temperaturun 20-250C olması kəhrənin yayılmasına səbəb olur. Toxumları külək, su, və əmək ləvazimatları vasitəsi ilə çox asanlıqla yayıla bilir. Hər çiçəkdə 5000-ə qədər toxum olur. Toxum münbit şərait olduqda 10 ilə qədər torpaqda qalaraq yaşam qabilıyyətini saxlaya bilir.

AzVision.az


Teqlər: KTN  





Xəbər lenti