“Qambiya prezidenti Qarabağın işğalını qətiyyətlə pisləyir” - Nazir
Xarici işlər naziri Ousainu Darboe Qambiya Prezidenti Adama Barrounun salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Prezident Adama Barrou Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişafa nail olduğunu və bölgədə əməkdaşlığa, iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin təmin olunması işinə mühüm töhfə verdiyini bildirib. Nazir Ousainu Darboe Azərbaycan ilə Qambiyanın Qoşulmama Hərəkatında fəal iştirakını qeyd edərək ölkələrimizin İslam Əməkdaşlıq Təşkilatında, BMT-də bir-birini qarşılıqlı surətdə dəstəklədiyini vurğuladı. Ousainu Darboe daha sonra qeyd etdi ki, onun ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və diqqətə çatdırdı ki, Qambiya Prezidenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pisləyir.
Prezident İlham Əliyev Qambiya Prezidenti Adama Barrounun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qambiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycan ilə Qambiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd edildi.
AzVision.az
Teqlər: İlham-Əliyev