Şagirdlərə "ağ ölüm"ün gətirdiyi bəlalardan danışılıb

  08 İyun 2018    Oxunub : 351
Şagirdlərə "ağ ölüm"ün gətirdiyi bəlalardan danışılıb
Bu gün bütün dünyanın probleminə çevrilən "ağ ölüm”lə mübarizə təkcə hüquq-mühafizə əməkdaşlarının işi deyil, həm də hər bir şüurlu vətəndaşın üzərinə düşən missiyadır. Məhz bu missiyanın mahiyyətini şərh etmək, onu konkret faktlar və qanunun müvafiq maddələrinə uyğun şəkildə ictimaiyyətə çatdırmaq üçün Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Suraxanı rayonu ərazisində də polis əməkdaşları ardıcıl tədbirlər həyata keçirirlər.
Bu məqsədlə keçirilən növbəti tədbir Suraxanı rayonu Hövsan qəsəbəsi 281 saylı tam orta məktəbdə baş tutub.

Tədbirlərdə çıxış edən Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vurğulayıb ki, bu gün bütün ölkəmizdə, o cümlədən də Suraxanıda narkomaniyaya qarşı davamlı işlər aparılır: "Həm ölkə prezidenti cənab İlham Əliyevin, həm də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov cənablarının birmənalı şəkildə qarşıya qoyduğu vəzifələrdən biri də ölkə əhalisini, xüsusilə yeniyetmə gəncləri və məktəbliləri maarifləndirib, onların sağlam həyat tərzinin təmin olunmasına yardım etməkdir. Məhz bu məqsədlə də rayon polis şöbəsinin müvafiq əməkdaşları davamlı şəkildə görüşlər keçirir, tədbirlər keçirir və hər kəsə "ağ ölüm”ün gətirdiyi bəlaları izah edirlər. Bugünkü görüşümüzdə də biz bu bəlalardan danışacağıq”.



N.Həsənov qeyd edib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt”in yaradılmasıdır: "Həyat göstərir ki, bu görüşlər iştirakçılara öz müsbət təsirini göstərir, onların "ağ ölüm”dən uzaq durmasına yetərincə təsir edir. Ona görə də biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik”.

Teqlər: