“Akademiya büdcədənkənar vəsait qazanacaq” - Akif Əlizadə

“Akademiya büdcədənkənar vəsait qazanacaq” - Akif Əlizadə
  08 İyun 2018    Oxunub:1080
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni seçilmiş prezidenti Akif Əlizadə yeni hədəflərini açıqlayıb.
AzVision.az xəbər verir ki, A. Əlizadə Azərbaycan elminin inkişafı, yüksəlməsi, möhkəm təməl üzərində qurulması üçün 5 il ərzində olduğundan da çox çalışacağını bildirib. O qeyd edib ki, Azərbaycan alimləri ilk növbə Avropa proyektlərində iştirak etməlidir.

“Bu proyektlərdə iştirak alimlərin dünya fundamental elminin ön sıralarında olmasına zəmin yaradır. Güman edirəm ki, XXI əsr fizikçilərin, riyaziyyatçıların əsridir, onlarsız elm inkişaf edə bilməz. XXI əsr həm də biologiya elminin inkişafının əsridir. AMEA-da biologiya iqtiqaməti ilə bağlı olan sahələr öz inkişafını tapmalıdır. Biz innovativ texnologiyaları daha da inkişaf etdirmək istəyirik. Yüksək Texnologiyalar Parkının demək olar ki, infrastrukturunu yarada bilmişik. Onun binasının tikilməsi, bütün infrastrukturu yaradılandan sonra güman edirəm ki, akademiya büdcədənkənar vəsait qazanacaq. Bununla da Azərbaycan elminin inkişafı büdcədənkənar maliyyə ilə təmin olunacaq”.

A. Əlizadə qeyd edib ki, Akademik Universitetin yaradılması prioritetlərdəndir: “Sosial baxımdan da tədbirlərimiz var. Bunlar başlanğıc ərəfəsindədir, onları genişləndirmək və
dərinləşdirmək əsas hədəflərdəndir. Alimlərə evlərin verilməsi güman ki, çox çəkməz”.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA  





Xəbər lenti