Böyük qayıdış yolunda növbəti addım - Günnütdən FOTOLAR

Böyük qayıdış yolunda növbəti addım - Günnütdən FOTOLAR
  12 İyun 2018    Oxunub:6915
Sakinlər 26 illik həsrətə son qoyduğuna görə Ali Baş Komandana minnətdardırlar.
Bu günlər hamımızın yaşadığımız sevinc hissləri 26 ildir ki, düşmən tapdağı altında olan 11 min hektar torpağımızın geri alınmasının ifadəsidir. Buna Şərur rayonu, onun Günnüt kəndi, doğma Naxçıvanımızla yanaşı, bütün Azərbaycan sevinir. Gec-tez belə olacağına əmin idik. Çünki ata-babalarımız “Torpaqdan pay olmaz” deyiblər və bu müqəddəs sərvət bizə onlardan qalan ən qiymətli mirasdır.



1992-ci ildən işğala məruz qalan yaşayış məntəqələrimizdən biri olan Günnüt erməni qəsbkarları tərəfindən xarabazarlığa çevrilib. Vandallıq o dərəcəyə çatıb ki, kəndin qəbiristanlığındakı qəbir daşları güllələnib, bəzi qəbirlər isə partladılıb. Ərazi düşmən əlinə keçdikdən sonra kənd sakinləri rayonun bir sıra yaşayış məntəqələrində, əsasən, Mahmudkənddə məskunlaşıblar. Ancaq ürəkləri doğma yurd yerində qalıb. O yurda qayıtmaq istəyi bir an da onları tərk etməyib. Belə bir günün olacağına inanıblar. May ayının 26-da o sevinci yaşamaq günnütlülərə qismət oldu. O sevinci biz də yaşadıq. Bütün Naxçıvan, bütün Azərbaycan yaşadı.



Mahmudkənddə məskunlaşan, doğulduğu yurd yeri Günnüt olan rayon məscidinin axundu, təqaüdçü-müəllim Nəsib Novruzov qeyd edir ki, həmin gün bütün günnütlülərin həyatına qızıl səhifə kimi yazılıb: “Əvvəlcə qəbiristanlığa yollandıq. Burada uyuyan qohum-əqrəbalarımızın ruhuna “Qurani-Kərim”dən ayələr oxuduq. Var olsun Prezidentimiz, Ali Baş Komandanımız! Var olsun ordumuz! Şükür, bu günü də gördük. Haqq dünyasına qovuşan valideynlərim Günnüt həsrəti ilə yatıb, Günnüt həsrəti ilə sübhü açırdılar. Tez-tez doğma kəndi yuxularında gördüklərini deyirdilər. İnanın, evimizdə 3-4 gündən bir o yuxuları eşitməyə öyrəşmişdik. O yuxular bizim üçün təskinlik idi”.



Nəsib Novruzov Günnütdə onlara məxsus olan, üstü sökülüb dağılmış, qapı-pəncərələri çıxarılmış, divarları uçuq vəziyyətə düşən evlərini görüb. Sevinir ki, yenidən oraya qayıdacaqlar. Günnüt öz doğmalarını qoynuna alacaq, toy-büsat səsi o dağlarda eşidiləcək, həyat yenidən axarına düşəcək. Bunun üçün həmyerliləri adından dövlətimizə minnətdarlığını bildirir. İşğal altında olan torpaqlarımızın alınmasında ordumuza ardıcıl qələbələr arzulayır.



Mahir Osmanov da Günnütdə doğulub. Kəndin əvvəlki dövrünü yaxşı xatırlayır. Deyir ki, suyu dişgöynədən bulaqları, təmiz havası Günnütdə heyvandarlığın, arıçılığın, meyvəçiliyin inkişafına imkan verirdi. Artıq o ağaclar quruyub, bulaqların suyu kəsilib. Ancaq kənd adamları bu itkiləri qısa müddətdə yerinə qaytaracaqlar. Bağ da salacaqlar, arıçılıqla, heyvandarlıqla da məşğul olacaqlar. Günnüt əvvəlkindən də yaxşı olacaq. Buna kənd geri alınandan sonra görülən işlər də zəmanət verir. Şərur-Sədərək magistralının Maxta kəndi ərazisindən bu yaşayış məntəqəsinə ayrılan yolda başlanan quruculuq tədbirləri bizi saatbasaat, günbəgün əsirlikdən azad olmuş doğma yurd yerinə yaxınlaşdırır.



Günnüt kəndinin sakinlərindən biri də Fikrət Məmmədovdur. O, vaxtilə Günnütdə, indi isə Mahmudkənddə arıçılıqla məşğul olan ali təhsilli mütəxəssisdir. Təbii ki, onun da sevincinin həddi-hüdudu yoxdur. Deyir ki, 26 ildə dünyaya göz açan uşaqlar ancaq bizim söhbətlərimizlə o kəndi tanıyırlar. Bundan sonra o uşaqlar da doğma Günnütü görəcək, bu yurd yerinin qorunub saxlanılmasında ordumuzun əsgərlərinin yaxın köməkçilərinə çevriləcəklər.



Tezliklə burada başlanılacaq tikinti-abadlıq, quruculuq işləri uzun illərin həsrətindən sonra öz doğma torpağımıza qovuşma sevincimizi ikiqat artıracaq, yurd nisgilini əridəcək, bu, şəhid analarımızın ən böyük təsəllisi olacaq. Tezliklə burada da yeni doğulan, yurd itkisi ağrı-acısından xəbərsiz məsum körpələrin qığıltıları, Vətən müqəddəsliyindən bəhs edən həzin ana laylaları, məktəb zəngi ilə bir yerə toplaşan övladlarımızın xoşbəxt, şaqraq gülüşləri, məscid minarəsindən ucalacaq azan və “Quran” səsləri, örüşlərimizə yayılan qoyun-quzu mələşmələri eşidiləcək, torpağın bərəkət rəmzi – sarı sünbülün və təndir çörəyinin ətri duyulacaq. Bir sözlə, bizim olub ordumuzun hünəri ilə yenidən bizə bəxş edilən halal torpağımız Günnütdə də Cocuq Mərcanlıdakı kimi yeni həyat başlanacaq. Bu yurdda böyüyən gələcək nəsil qəhrəman ata-babalarımızın əmanəti olan Vətən torpağını daha böyük məğrurluq və şücaətlə qoruyacaq! (AzərTAc)









AzVision.az


Teqlər: Naxçıvan   Günnüt   Kənd  





Xəbər lenti