Siyavuş Novruzov qanunun dəyişməsini istəyir

Siyavuş Novruzov qanunun dəyişməsini istəyir
  12 İyun 2018    Oxunub:2249
“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qanunun 8-ci (Siyasi partiyada üzvlük) maddəsinə bəzi dəyişikliklərin edilməsi təklif edib: “Maddədə göstərilir ki, maliyyə orqanlarının nümayəndələri siyasi partiyaların üzvü ola bilməzlər. Bu, düzgün deyil. Həmin şəxs partiya üzvü olsa, nə olacaq ki? Başqa bir məsələ də Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin siyasi partiya üzvü olması ilə bağlı qadağadır. Həmin adamlar partiya üzvü olsalar, təşkilata pul verəcək, yaxud kredit ayıracaqlar? Bu maddəyə dəyişiklik edilməlidir”.

Komitə sədri diqqətə çatdırıb ki, müəyyən siyasi partiyalar öz maliyyə dövriyyələri barədə aidiyyatı orqan qarşısında hesabat vermir.

"Burada qeyri-şəffaflıq ortaya çıxır. Ayrı-ayrı təşkilatlar öz aralarında mübarizəyə başlayıblar ki, bu qədər pul gəlib, mənimsənilib. Bu isə Azərbaycanda siyasi sistem haqqında pis rəy formalaşdırır. Ona görə hər bir siyasi partiya hesabatını həm ictimaiyyətə, həm də aidiyyatı orqana təqdim etməlidir”, - deyə S.Novruzov bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Siyavuş-Novruzov   Qanun   Milli-Məclis  





Xəbər lenti