Qoşqar Təhməzli sahibkarların suallarını cavablandırdı

Qoşqar Təhməzli sahibkarların suallarını cavablandırdı
  15 İyun 2018    Oxunub:1373
İyunun 14-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən AzVision.az-a verilən məlumata görə, “Qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamı ilə agentlik qarşısında qoyulan vəzifələrin icrası məqsədilə keçirilən görüşdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər diqqət mərkəzində olub.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli heyvan kəsimi ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab verib.



Q.Təhməzli bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. “Ona görə də yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər bir sahibkar öz fəaliyyətini müasir, günün tələblərinə cavab verən formada qurmalıdır”, - deyə agentlik rəhbəri bildirib.

Q.Təhməzli bir daha sahibkarların diqqətinə çatdırıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, o cümlədən maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçiriləcək.

Görüşdə eyni zamanda, sahibkarlıq subyektlərində həyata keçirilən maarifləndirici monitorinqlər haqqında da məlumat verilib və xatırladılıb ki, iyulun 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılmasına başlanılacaq.

Sonda heyvan kəsimi ilə məşğul olan sahibkarlar onları narahat edən məsələlər barədə danışaraq öz fikir və təkliflərini diqqətə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti