"Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur" - Şeyx

"Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur" - Şeyx
  15 İyun 2018    Oxunub:1569
Azərbaycanda sünnilərlə şiələr 30 ilə yaxındır birlikdə vəhdət namazı qılır.

AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 15-də Təzəpir məscidində Ramazan bayramı namazından sonra deyib.
Onun sözlərinə görə, Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur: "Bunun dünyada analoqu mövcud deyil. Biz iki məzhəbin nümayəndələri bir yerdə namaz qılırıq, ibadət edirik. Bu da ölkədə din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasından irəli gəlir. Bu cür şəraiti yaratdığına görə, Prezident İlham Əliyevə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürümüzü bildiririk. Bu gün paytaxtın bir sıra məscidlərində, o cümlədən Qubada, Göyçayda vəhdət namazları qılınır. Bu da xalqımızın qanında, genində olan birlik, bərabərlik istəyindən irəli gəlir".

Şeyx bildirib ki, müstəqil Azərbaycan dövləti xalqımızın böyük nemətidir: "Biz çox çətinliklər görmüşük, alimlərimiz repressiyalar ilə üzləşiblər, kitablarımız yandırılıb, ancaq bu gün "Quran" artıq açıq şəkildə çap olunur, məscidlər tikilir. SSRİ dövründə 17 məscid olduğu halda, Azərbaycanda bu gün 2 mindən çox məscid var. Bundan əlavə, ölkədə sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Dövlət tərəfindən dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb".

AzVision.az


Teqlər: QMİ   Namaz  





Xəbər lenti