Əcnəbilərə iş icazəsinin verilməsi tam elektronlaşdırılacaq

  15 İyun 2018    Oxunub : 1675
Əcnəbilərə iş icazəsinin verilməsi tam elektronlaşdırılacaq
Dövlət Miqrasiya Xidməti (DMX) yanında Məşvərət Şurasının yaradılması ilə bağlı ilkin işgüzar müzakirələrin keçirilməsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən sahibkarlar təşkilatlarının, işəgötürənlərin assosiativ birliklərinin və iri şirkətlərin nümayəndələri ilə Xidmətin inzibati binasında görüş keçirilib.
DMX-dan AzVision.az-a verilən xəbərə görə, xidmətin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarına təşəbbüsü dəstəklədiklərinə və dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirib. İş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili üçün DMX-nin təşəbbüsü ilə formalaşdırılacaq belə bir platformanın yeni dəyər yaradacağına əminliyini ifadə edib. Bildirib ki, əmək münasibətləri subyektləri hesab edilən əcnəbilərə iş icazələrinin verilməsi və yaxud imtina edildiyi halda obyektivliyinin qorunmasında Məşvərət Şurası formatında nəzarət effektiv bir mexanizm olacaq. O, iş icazəsinin tam elektronlaşdırılmasının nəzərdə tutulduğunu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi məqsədilə DMX-ya edilmiş müraciətləri bütün mərhələlərdə izləmək imkanının yaradılacağını açıqlayıb.



V.Hüseynov xatırladıb ki, qısa müddətdə işəgötürənlərlə geniş tərkibdə bir neçə görüş keçirilib, biznes sektorunun miqrasiya ilə bağlı fikirləri dinlənilib. DMX daxili əmək bazarının təhlükəsizliyini, eyni zamanda işəgötürənlərin biznes maraqlarının qorunmasını təmin etməlidir. Bu baxımdan biznesin nəbzini hiss etmək üçün Xidmət yanında belə bir şuranın yaradılması planlaşdırılıb. Görüşdə Xidmət rəisi ölkənin energetika, neft-qaz layihələrində milliləşmə ilə bağlı Dövlət Neft Şirkəti ilə BP-nin həyata keçirdiyi proqramın digər sektorları da əhatə etməsinin zəruriliyinə toxunub.



V.Hüseynov Məşvərət Şurası katibliyinin fəaliyyət göstərəcəyini və işəgötürənlərə qrup formatında müzakirə imkanlarının veriləcəyini bildirib. Miqrasiya sahəsində qanunvericiliyin sadələşdirilməsi ilə bağlı müvafiq işlərin görüldüyünü də diqqətə çatdırıb. İşgüzar qaydada qaldırılan məsələlərin həlli istiqamətində gələcək planlar barədə müzakirələr aparılıb. Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, AmCham, Azərbaycan Türkiyə İş Adamlari Birliyi, Almaniya Azərbaycan Xarici Ticarət Palatası, Britaniya Biznes Qrupu, Azərbaycan Fransa Ticarət və Sənaye Palatası, Dövlət Neft Şirkəti, BP və digər qurumların nümayəndələri görüşdə fəal iştirakları ilə səmərəli müzakirələrə öz töhfələrini veriblər. Ətraflı fikir mübadiləsi şəraitində keçirilən görüşdə Şuranın reqlamentinin hazırlanması qərara alınıb.

AzVision.az

Teqlər: DMX   Əcnəbi