"Səhiyyə sahəsində inqilabi dəyişiklər baş verib" - Nazir

  16 İyun 2018    Oxunub : 2892
"Səhiyyə sahəsində inqilabi dəyişiklər baş verib" - Nazir
17 iyun - səhiyyə işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Azərbaycan səhiyyəsinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan səhiyyəsinin 100 illik inkişaf yolundan danışıb. O bildirib ki, 17 iyun tarixinin müəyyən edilməsi təsadüfi deyil. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub . Beləliklə, bu il Səhiyyə Nazirliyinin 100 illik yubileyini qeyd edilir.

Ötən 100 ildə Azərbaycan səhiyyəsinin böyük inkişaf yolu keçdiyini vurğulayan nazir Cümhuriyyət dövründə səhiyyə sahəsində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. "Tibbi yardımın təşkili üçün yeni xəstəxanalar və apteklər açılıb, həm əhaliyə, həm də döyüşlərdə yaralanan əsgər və zabitlərə tibbi yardımın təşkili, həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün tədbirlər görülüb. Cümhuriyyətin səhiyyə sahəsində mühüm tədbirlərindən biri də tibbi kadrların hazırlığı idi. Həmin dövrdə Cümhuriyyət hökumətinin xaricə təhsil almaq üçün göndərdiyi tələbələrdən bir çoxu təbabət üzrə təhsil alırdılar. Digər tərəfdən, 1919-cu ildə əsası qoyulan Bakı Dövlət Universitetində tibb fakültəsi yaradıldı. Bu tibb kadrları sonralar səhiyyəmizin kadr potensialının özəyini təşkil etdilər".

Bu istiqamətdə işin sovet hakimiyyətinin ilk illərində də davam etdirildiyini, yüzlərlə yeni xəstəxana, poliklinika və aptekin yaradıldığını vurğulayan O.Şirəliyev deyib ki, Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Tibb İnstitutunun əsası qoyulub, bir neçə elmi tədqiqat institutu fəaliyyətə başlayıb. "Burada milli tibb kadrlar hazırlanmağa başladı, elmi məktəblər yarandı. Həmin dövrdə Azərbaycanın Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Əbülfəz Qarayev və digər tanınmış alimlərinin adları sovet ölkəsində böyük hörmətlə çəkilir, onların tədqiqatları dərsliklərdə təqdim olunurdu.
Böyük Vətən müharibəsi illərində Azərbaycandan yüz minlərlə insan həm ön cəbhədə döyüşür, həm arxa cəbhədə fədakar əməkləri ilə qələbəyə töhfə verirdi. Azərbaycan səhiyyəsi də qələbəmiz naminə böyük işlər görmüşdü. Onlarla hərbi hospital yaradılmışdı. Həkimlərimiz, bütün tibb işçilərimiz yaralıları həyata qaytarmaq üçün gecə-gündüz çalışır, bu işdə böyük uğurlar qazanırdılar. Müharibədən sonrakı dövrdə Azərbaycan səhiyyəsi sülh dövrünə uyğunlaşmağa başladı. Əsas diqqət əhalinin sağlamlığına, müxtəlif xəstəliklərlə mübarizəyə yönəldi".

Nazir xüsusi vurğulayıb ki, Azərbaycan səhiyyəsinin sonrakı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
“Bu gün biz XXI əsrin əvvəllərində səhiyyəmizin vəziyyətini yada salanda, situasiyanın çox da ürəkaçan olmadığını xatırlayırıq. Bərbad, çox vaxt qəzalı vəziyyətdə olan xəstəxanalar, ötən əsrdən qalma nasaz avadanlıq, dərman qıtlığı - bütün bunları görən xarici ekspertlərin fikrincə, Azərbaycan səhiyyəsinin inkişafı üçün onilliklər lazım idi. Lakin Prezident İlham Əliyevin gərgin əməyi, səyi, möhkəm iradəsi sayəsində, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf etdi. Həmçinin səhiyyə sahəsində də inqilabi dəyişikliklər baş verdi.

Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır. Son illərdə həm paytaxtda, həm ölkəmizin müxtəlif bölgələrində yeni-yeni tibb müəssisələri, səhiyyə mərkəzləri tikilib, əsaslı təmir olunub, ən müasir avadanlıqla təchiz edilib”.

Sonra Azərbaycan səhiyyəsinin keçdiyi 100 illik inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbirin sonunda səhiyyə sahəsində fərqlənən şəxslər təltif olunublar.

AzVision.az

Teqlər: Səhiyyə-Nazirliyi   Oqtay-Şirəliyev