“Ordumuz istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır” - Müdafiə naziri (FOTOLAR)

  20 İyun 2018    Oxunub : 2346
“Ordumuz istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır” - Müdafiə naziri (FOTOLAR)
İyunun 20-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr üzrə səhra məşğələlərinin gedişini izləyib.
AzVision.az xəbər verir ki, müdafiə naziri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinifinə gəlib.

“Mexanikləşdirilmiş taqım hücumda” mövzu üzrə məşğələlərin keçirilmə planına uyğun olaraq kursantlar taqım və manqa komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.



Taqım komandiri vəzifəsinə təyin edilmiş kursantlardan biri hücum haqqında əmri taqımın şəxsi heyətinə çatdırdıqdan sonra qarşılıqlı fəaliyyəti təşkil edib və döyüş texnikasında praktiki hərəkətlərə başlayıb.

Bu mərhələdə mina sahəsinin keçilməsi, döyüş düzülüşünün müxtəlif formalarının tətbiqi, şərti düşmənin aldadılması qaydaları, maskalanma və sair tapşırıqları nəzərdə tutan müasir ümumqoşun döyüşünün taktiki üsulları icra edilib.



Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrək praktiki atışların təşkili və icrasını müşahidə edib. Təlim nöqtələrində snayperlər hədəfin aşkar edilməsi, atəş mövqeyinin tutulması, maskalanma, sərrast atışla hədəfin məhv edilməsi və digər fəaliyyətləri icra edir, həmçinin snayper sənətinin nəzəri əsaslarını öyrənirlər.



Müdafiə naziri motoatıcı, tank və artilleriya bölmələrinin hazırlığını da izləyib. Məşğələlərə cəlb edilmiş şəxsi heyət atəş və digər tapşırıqları yerinə yetirib.



Təlim məşqlərinin sonunda general-polkovnik Z.Həsənov poliqona dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

Mətbuat nümayəndələri ilə söhbətində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə xalqımızı təbrik edən müdafiə naziri Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.



Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan uğurlu islahalatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını da cavablandırıb.



Anar Kəlbiyev
AzVision.az

Teqlər: Zakir-Həsənov   Müdafiə-Nazirliyi