4061 əlilə protez-ortopedik məmulatlar verilib - Fotolar

  20 İyun 2018    Oxunub : 537
4061 əlilə protez-ortopedik məmulatlar verilib - Fotolar
Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 4061 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, onların 535 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.



Yanvar-may aylarında əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 452 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 559 ədəd yuxarı və aşağı ətraf ortezi, 2993 ədəd müxtəlif reabilitasiya vasitəsi, 169 ədəd bel və boyun nahiyəsi üçün korset, 345 cüt protez ayaqqabı, 1719 cüt ortopedik ayaqqabı, 445 ədəd dördayaqlı dayaq vasitəsi verilib.



Bu təbəqədən olan insanlar həmçinin 500-dək ədəd əlil arabası, 370 cüt qoltuqaltı və 550 cüt dirsəkaltı ağac, 1094 ədəd əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə məxsus 265 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onların istifadəsinə verilib.



Ümumilikdə cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslər 11,1 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar. Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində həmin dövrdə 271 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilmənin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlilliyi olanların, skoliozlu uşaqların reabilitasiyası və s.) göstərilib.

AzVision.az

Teqlər: ƏƏSMN   Protez