12 uşaq yenidən doğma ailəsinə qayıdıb

  21 İyun 2018    Oxunub : 444
12 uşaq yenidən doğma ailəsinə qayıdıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində hazırda 290 uşaq daimi dövlət təminatında yaşayır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində uşaqların yaşayışı, hərtərəfli təminatı, reabilitasiyası üçün müasir tələblərə uyğun şərait yaradılıb.



Bu müəssisələrdə uşaqların ətraf mühitə uyğunlaşmasına mane olan funksional çatışmazlıqların, davranış problemlərinin aradan qaldırılması, ilkin bacarıq və vərdişlərə yiyələnmələri üçün müvafiq işlər aparılır, onların doğma ailə mühitinə qayıtmaları istiqamətində tədbirlərə xüsusi önəm verilir.



Övladları ilə görüşə gələn valideynlərlə fərdi qaydada və maarifləndirici söhbətlər aparılır. Bəzən valideynlər övladlarını bu müəssisələrə verdikdən bir müddət sonra yenidən onlarla görüşə gələrkən uşaqlarının davranışında müəyyən müsbət dəyişikliklər görərək onları yenidən özləri ilə ailələrinə qaytarırlar. Görülən tədbirlərin nəticəsi kimi, cari ilin ötən dövründə həmin sosial xidmət müəssisələrindən 12 uşaq yenidən doğma ailəsinə qayıdıb.

AzVision.az

Teqlər: ƏƏSMN   Uşaq