Sosial şəbəkələrdə dini təxribat - Komitə araşdırma aparır

Sosial şəbəkələrdə dini təxribat - Komitə araşdırma aparır
  23 İyun 2018    Oxunub:2357
Azərbaycanda son 2 ildə xarici ölkələrdəki dini qruplaşmalara qoşulma faktı qeydə alınmayıb.

Bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, bəzi təxribatçı qruplar sosial şəbəkələr vasitəsilə Azərbaycanda yad dini ideologiyaları təbliğ etməyə çalışırlar.
"Onların sosial bazası yoxdur. Lakin maraqlı qüvvələr var ki, yad dini ideologiyaları Azərbaycana idxal etmək üçün bir an belə əməllərini dayandırmırlar. Bunun üçün müxtəlif imkanlardan istifadə etməyə çalışırlar. Sosial şəbəkələr bu gün aktual məkandır. Biz də sosial şəbəkələrdə bu istiqamətdə monitorinqlər keçiririk, onların pozucu fəaliyyətlərini araşdırırıq. Bu kimi hallara qarşı lazımi təbliğat işlərimizi aparmağa çalışırıq", - S.Heydərov deyib.

Komitə rəsmisi bildirib ki, ölkəmizdə dini duruma nəzarət aidiyyatı dövlət qurumları ilə birlikdə davam etdirilir. Onun sözlərinə görə, xüsusilə dini bayramlar, fəal dini tədbirlər zamanı monitorinqlər daha sıx təşkil edilir.



S. Heydərov vurğulayıb ki, gənclərimiz dini biliklər alan zaman, sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmalıdırlar: "Mənbəyi, mənşəyi məlum olmayan məlumatlardan istifadə etməməlidirlər. Yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazə verdiyi kitablardan mənbə kimi istifadə edilməlidir. Sosial şəbəkələrdə bu gün yanlış dini informasiyalar verirlər. Bunları izləyir, milli mənəvi dəyərlərin təbliği üçün çalışırıq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Səyavuş-Heydərov  





Xəbər lenti