"Ölkəyə narkotik 5 rayondan daxil olur" - Baş nazirin müavini

  25 İyun 2018    Oxunub : 837
"Ölkəyə narkotik 5 rayondan daxil olur" - Baş nazirin müavini
"Azərbaycandan tranzit kimi daşınan narkotik vasitələrin 90 faizi əfqan mənşəlidir"

AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini, narkomanlığa və narkotik vasititələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.
O bildirib ki, Azərbaycanın 5 cənub rayonuna - Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvara İran tərəfindən əfqan mənşəli narkotiklər daxil olur.

"Cənub rayonlarından daxil olan narkotik vasitələr əsasən Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan ölkənin müxtəlif yerlərinə paylanılır. Ölkəyə daxil olan narkotiklərin 80 faizi həmin 5 rayondan daxil olur. Narkotranzitlə daxil olan narkotik marşutun son nöqtəsi Orta Asiya ölkələri, həm də Şərqi, Qərbi Avropa ölkələridir. Yaponiyadan tutmuş üzü bəri Ukrayna, Rusiya, Norveç, İsveç, Kanada ölkələri narkotik tranzitində son nöqtədir. Tranzit kimi keçən narkotiklərin 5-10 faizi həmin ölkədə qalır. Eləcə də Azərbaycanda bu qədər narkotik vasitə qalır və nəticədə gənclərimiz bundan istifadə edir".

Ə.Həsənov bildirib ki, Azərbaycanın iqtisadi gücünün artması, diqqət mərkəzində olması narkomafiyanın ölkəmizə yol açmasına səbəb olur.

"Son illər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qeyri-qanuni dövriyyədən çıxarılma halları artıb. Bu sahədə aidiyyatı dövlət qurumları tərəfindən aparılan mübarizə aktivləşib. Bu ilin 5 ayında 1 ton 400 kq-a qədər narkotik vasitə götürülüb. Aidiyyatı nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər. Problem ölkəmiz üçün spesifik deyil. Lakin ölkədə, regionda böyük həcmli, tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, istər qaz, neft, istər digər sahələrdə yük daşımalar artdığı üçün ölkəmizdən müxtəlif yollarla narkotik vasitələri daşımaq istəkləri də artıb. Biz arxayınlaşmamalıyıq, aidiyyatı qurumlar öz tədbirlərini görməlidir.

Baş nazirin müavininin fikrincə, dünyada elə bir ölkə yoxdur ki, orada narkotik vasitə istifadəçisi olmasın: "Azərbaycan bu istiqamətdə tranzit ölkədir. Azərbaycanın iqtisadi inkişafı, dünyada olan mövqeyi beynəlxalq mafiyanı diqqətindədir".

Aytən Zəhra
AzVision.az

Teqlər: Əli-Həsənov   Narkotik