Tarix yazan Ordu – QRAFİK ANİMASİYA

Tarix yazan Ordu – QRAFİK ANİMASİYA
  26 İyun 2018    Oxunub:8231
Azərbaycan əsgərləri lap qədim dövrlərdən cəsur döyüşçülər kimi tanınıblar. Bunu bir çox yerli və yadelli tarixçilər öz əsərlərində qeyd ediblər.
Tarixən Azərbaycan əsgəri regionda güclü dövlətlər quran, geosiyasi vəziyyəti dəyişən bir qüvvə olub. Bu əsgərin cəsarəti, mərdliyi, gücü və axıtdığı qan hesabına Səfəvilər, Qacarlar kimi böyük dövlətlər yaradılıb və bölgədə dominant güc olub.

1918-ci ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının ilk ordusu yaradılan kimi dərhal bir neçə uğurlu əməliyyat keçirildi. İyun-avqust aylarında Gəncədə qiyam qaldırmaq istəyən ermənilər tərksilah edildilər; Qaraməryəm, Kürdəmir, Ağsu, Şamaxı, Salyan döyüşlərində yenicə yaradılmış ordumuz Cümhuriyyətə qarşı döyüşən düşmən qüvvələri üzərində qələbələr qazandı.



Azərbaycan Ordusuna Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov, Süleyman bəy Əfəndiyev, Cavad bəy Şıxlınski, Feyzulla Mirzə Qacar kimi cəsur, peşəkar və vətənpərvər generallar rəhbərlik edirdilər. Onlardan bəzilərinin şöhrəti Azərbaycandan çox-çox uzaqlara yayılmışdı.

1918-ci il, dekabrın 25-də Səməd bəy Mehmandarov xalqa müraciətlə deyir: “Qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və istər kasıb, istər dövlətli olsun, cəmi vətəndaşları əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını azad etsə, böyük cəzaya düçar olacaqdır. Əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmasına mən çox çalışıram”.

1919-cu ilin sentyabrında general Həbib bəy Səlimovun başçılığı ilə keçirilən Lənkəran əməliyyatı zamanı dövlətə tabe olmaq istəməyən qiyamçı dəstələr zərərsizləşdirildi, ölkənin ərazi bütövlüyünə yaranmış təhlükə aradan qaldırıldı.

Azərbaycan Ordusunun ən böyük əməliyyatı 1920-ci ilin mart-aprel aylarında həyata keçirilmiş Qarabağ hərəkatıdır. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün Novruz bayramı ərəfəsində başladıqları təxribat və hücumları əsl müharibəyə çevirirlər. Amma Azərbaycan ordusu iki ayı ərzində onlara qalib gəlir və Qarabağı xilas edir.

Həmin vaxt Əsgəran qalasının müdafiəsinə rəhbərlik edən general Cavad bəy Şıxlınski Bakıya, baş nazirə göndərdiyi teleqramda “Ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq!” yazmış və sözünə əməl edərək, Əsgəranı qorumuşdu.

Azərbaycan Ordusu 100 il əvvəl olduğu kimi, yenə də Qarabağı düşməndən azad etməyə hazır və qadirdir. Bunu bir neçə dəfə sübut edib.

1993-cü ilin dekabr-yanvarında Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən alınmışdı.

2016-cı ilin aprel zəfəri göstərdi ki, Azərbaycan Ordusu ildırım sürətli müharibə ilə düşməni əzməyə qadirdir. 4 gün ərzində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Madaqiz kəndi istiqamətində yollar, Goranboyun Gülüstan kəndi, Cəbrayıl rayonunun vacib strateji əhəmiyyətə malik Lələ Təpə yüksəkliyi düşməndən azad olundu.

Bu gün Azərbaycan Ordusu regionda 1-ci, dünyada isə 58-ci ən güclü Ordudur. Günlərin birində bu ordu mütləq Qarabağı almaqla öz adını tarixə yazacaq!



Teqlər: Ordu-100  





Xəbər lenti