AŞPA-da erməni işğalından danışıldı

AŞPA-da erməni işğalından danışıldı
  26 İyun 2018    Oxunub:1233
Bu gün Avropa Şurası Nazirlər Komitəsinin sədri, Xorvatiyanın xarici işlər naziri Marija Pejcinovic Buricin AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavabandırıb.
AzVision.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb.

Millət vəkili Nazirlər Komitəsini bu vandalizm aktlarına son qoyması üçün Ermənistana təzyiqə çağırıb və sədrə sualla müracət edib: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus qədim tarixi-mədəni abidələri dağıdır. Bu abidələr Azərbaycanla bərabər dünya mədəniyyətinin də bir parçasıdır. Mənim əlimdə dağıdılmış bütün abidələrin əvvəlki və hazırki fotoları və materiallar var və sizə təqdim edə bilərəm. Ermənistanın yeni rəhbərliyinin Sarkisyan rejiminin törətdiyi bu cür dəhşətli cinayətləri davam etdirməməsi üçün, buna son qoyulması üçün Nazirlər Komitəsi olaraq nə edə bilərsiniz? Nazirlər Komitəsi Ermənistanın bu halları durdurması üçün hansı addımları ata bilər? Abidələrin məhv edilməsinin qarşısını almaq üçün dəstəyinizə böyük ehtiyac var. Bu istiqamətdə Nazirlər Komitəsindən hansı addımları gözləmək olar?”.

Nazirlər Komitəsinin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Nazirlər Komitəsinin səlahiyyətində olmadığını, ATƏT-in Minsk qrupunun səlahiyyəti olduğunu bildirib. Bununla belə Avropa Şurası tərəflərə dəfələrlə çağırışlar edib. Onları dialoqa səsləyib, münaqişənin sülh yolu ilə həllinə, dağıdıcı aktları dayandırmağa çağırdığını qeyd edib.

Millət vəkili Q.Paşayeva AŞPA Nazirlər Komitəsi sədri Marija Pejcinovic Buricinin Assambleyada çıxışndan və suallara cavabından sonra onunla görüşüb. İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycanlılara məxsus tarixi-mədəni abidələri dağıtması ilə bağlı məlumatlar verən millət vəkili Q. Paşayeva bütün materialları, fotoları geniş məlumatlarla təqdim etməyə hazır olduqlarını və Ermənistanın bu vandalizm aktlarını durdurması üçün Nazirlər Komitəsinin də addımlar atmasının vacibliyini sədrin diqqətinə çatdırıb və buna böyük ehtiyac olduğunu xüsusi vurğulayıb.

İşğalçı Ermənistanın dağıtdığı qədim tarixi-mədəni Azərbaycan abidələri eyni zamanda dünya mədəniyyətinin də bir parçası olduğunu vurğulayan millət vəkili Q.Paşayeva Nazirlər Komitəsini Ermənistanın cinayətlərinə laqeyid qalmamağa çağırıb.

AzVision.az


Teqlər: AŞPA  





Xəbər lenti