İlham Əliyev: “Müharibə hələ bitməyib” - Yenilənib

İlham Əliyev: “Müharibə hələ bitməyib” - Yenilənib
  26 İyun 2018    Oxunub:2875
“Ordu quruculuğu bizim üçün ən başlıca prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, müharibə hələ bitməyib: “Müharibənin hələ birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. Qeyd etdiyim kimi, Ermənistan müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən mənfi proseslərdən, o cümlədən Xalq Cəbhəsi, Müsavat tərəfindən başlanmış vətəndaş müharibəsindən istifadə edərək torpaqlarımız zəbt edib. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır”.

Prezident qeyd edib ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

“Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul ediblər. O cümlədən, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Orada da göstərilir ki, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və qüvvəsini itirməyib”.

Dövlət başçısı deyib ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bunun üçün güclü ordu yaratmalı idik və buna nail olmuşuq. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi baxımdan özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb”.

Dövlət başçısı qeyd edib ki, hərbçilərin xidmət şəraiti yaxşılaşır: “Son illər onlarda hərbi şəhərcik yaradılb. Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Sonrakı 2-3 il ərzində bütün hərbi şəhərciklərimiz təmir olunacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Qəbul edilən qərar əsasında orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə bu gün 20 mindən çox mülki vətəndaş çalışır. Əvvəllər bu işlərdə əsgərlər işləyirdi. Biz artıq əsgərləri məişət işlərindən azad etmişik”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-ƏIiyev  





Xəbər lenti