“Naxçıvan əməliyyatı yüksək peşəkarlıqla həyata keçirildi” - İlham Əliyev

  26 İyun 2018    Oxunub : 877
“Naxçıvan əməliyyatı yüksək peşəkarlıqla həyata keçirildi” - İlham Əliyev
“Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi azad edildi”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan tərəfindən çox böyük mühəndislik, kəşfiyyat işləri aparılıb: “Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərib. Hazırda strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Və bir daha Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni böyük məharətlə, peşakarlıqla icra edə bilərik, icra da edirik. Bundan sonra Azərbaycan ordusu hər an hazır olmaldır ki, öz ərazi bütövlüyünü bərpa etsin".

Dövlət başçısı qeyd edib ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır: “Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq biz bu vəziyyətlə barışmayacağıq. Biz elə bir güclü ordu yaratmışıq ki, düşmən bilməlidir bir dənə də olsun hərbi, ya da starteji obyekti olmasın ki, Azərbaycan ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi hədəfləri, strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm də düşmənə bunu göstərəcək. Azərbaycan getdikcə güclənəcək. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər açıqdır. Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək və Ermənistan bizimlə heç cürə rəqabət apara bilmir və apara bilməyəcək. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir".

Ali Baş Komandan vurğulayıb ki, Aprel, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu gücləndirir.

"Xalqımız tam arxayın ola bilər ki, ordumuz istənilən vəzifəni yerinə yetirməyə qadirdir və hazırdır. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin bu bayraqlar bu gün bu paradda, “Azadlıq” meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı, bu bayraqlar döyüşdə olan bayraqlarıdır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda dalğalanır və hərbi parad üçün bura gətirilib. Gün gələcək, işğal altından olan torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı “Azadlıq” meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq, yaxınlaşdırırıq”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident