Qrantları kəsildi, indi də pul dilənirlər - VİDEO

  29 İyun 2018    Oxunub : 24841
Qrantları kəsildi, indi də pul dilənirlər - VİDEO
Nə vaxt ki, xarici qrantlar kəsilir, anti-Azərbaycan şəbəkəsinin nümayəndələri məzlum donuna girərək xalqdan pul dilənməyə başlayırlar. Son günlər şəbəkənin bir neçə üzvü yeni “pul qamarlama” kampaniyasına start verib. Belə ki, ölkə xaricindəki radikallar sosial şəbəkələr vasitəsilə canlı yayımlar edərək guya “fəaliyyət”lərini genişləndirmək adı ilə açıq-aşkar dilənçilik edirlər.
İlk addımı Tural Sadıqlı adlı mühacir atıb. O, “xalqın layihəsi” adlı "kampaniya"ya başladıqlarını bildirib. Dediyinə görə, “layihə” çərçivəsində videoçarxlar, çıxışlar ediləcək, ekspertlərin müsahibələri yayımlanacaq. Bunun üçün ona pul lazımdır, həm də milyon dollar və çarəni sosial şəbəkələrdə xalqa əl açmaqda görüb.

Canlı yayım üçün milyonlar?

Keçək əsas məsələyə: “Facebook”da həyata keçirilməsi planlaşdırılan “layihə” üçün milyon dollara nə ehtiyac var? Adam bina tikmir, bahalı canlı yayım avadanlıqları almır, telekanal qurmur, müxbir ordusu saxlamır. Sadəcə ətrafına yığdığı bir neçə nəfərlə küçədə sorğu keçirəcək, hansısa “eksperti” çağırıb söhbət edəcək. Vəssalam. Yaxud da telefonla çəkdiyi videonu “youtub”a yerləşdirərək pul qazanacaq. Bunu sıradan adam da edə bilər, milyonlar nəyə gərək? Görünür, kəsilən qrantları bu yolla doldurmaq istəyirlər.

Daha bir radikal bloqqer, "Meydan TV"-nin rəhbəri Emin Milli də oxşar müraciət edib. Anti-Milli hansısa bahalı restoranda yeyib-içdikdən sonra yadına düşüb ki, lüks həyat tərzini davam etdirmək üçün ona daha çox pul lazımdır. Dərhal canlı yayım başladaraq dırnaqarası ideyalarından, gələcək planlarından və onları reallaşdırmaq üçün lazım olan 1.2 milyon dollardan söz açıb. Bəli, düz eşitdiniz, söhbət ona "lazım" olan 1.2 milyon dollardan gedir.



Deyəsən, "bəy"in əli yaman aşağıdır, Azərbaycanı ləkələmək üçün aldıqları pulun kökü quruyub, Avropdakı boslar artıq pul vermirlər. Nəticədə, yenə çarəni xalqda görürlər, daha doğrusu xalqı aldadıb, pulları mənimsəməkdə.

Adam o qədər həyasızlaşıb ki, “Siz bizim üçün nə edə bilərsiniz” sualı ilə başladığı müraciətində "ya verməlisiniz, ya da verməlisiniz" kimi şərt qoyur. Bəlkə xalqın sizə borcu var? Hansı üzlə insanlardan pul istəyirsiniz?

Əslində məqsəd bəllidir: Qrantı kəsilən radikallar yeni qazanc vasitəsi kimi xalqdan pul toplamağı (dilənməyi) qarşılarına hədəf qoyublar. Sadəcə bunu “xalqa xidmət” adı altında pərdələyirlər.

İndi özünüz qərar verin, kim işləyib, əziyyətlə qazandığı pulun bir hissəsini bunlara göndərər ki, onlar da bahalı otellərdə, Avropanın şəhərlərində kef eləsinlər.

Cənablar, artıq bu variantlar keçmir. Xalq kimin kim olduğunu, nəyə xidmət etdiyini yaxşı bilir. Heç olmasa ömrünüzdə bir dəfə səmimi olun, deyin ki, qrantımız kəsilib, lüks həyat yaşaya bilmirik, bizə yardım edin. Bunu etsəniz, daha "hörmətli" olarsınız, nəinki dondan-dona girib dilənməklə...

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Radikal   Mühacir   Müxalifət