Rövşən Rzayev Koreya səfiri ilə görüşüb
Dövlət Komitəsinin sədri Koreya səfirliyinin, beynəlxalq humanitar və inkişaf təşkilatlarının ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkürünü bildirib. Bu sahədə əməkdaşlığın əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Kim Çanq-gyunun Azərbaycanda olan digər ölkələrin səfirləri ilə birlikdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri məmnunluqla xatırlanıb. Vurğulanıb ki, işğaldan azad edildikdən sonra bütün infrastrukturu yenidən qurulan Cocuq Mərcanlıya qayıdan məcburi köçkünlərin daimi yaşayışı üçün dövlət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilib. Kənddə Şuşa məscidinin bənzəri olan məscid, orta məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət ocağı tikilərək sakinlərin istifadəsinə verilib.
Koreya Respublikasının səfirliyi ilə Dövlət Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən səfir mövcud olan səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib.
Koreyanın ölkəmizdə bundan sonra da məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
AzVision.az
Teqlər: Rövşən-Rzayev Koreya Səfir