Afrikadan Azərbaycana tropik hava kütlələri daxil olub

Afrikadan Azərbaycana tropik hava kütlələri daxil olub
  29 İyun 2018    Oxunub:2295
"Hesablamalarımız göstərir ki, Azərbaycanda temperatur normaya nisbətən 0,6-1,5 dərəcə yüksəlib. Dünya üzrə də temperaturun 1,5-1,6 dərəcə yüksəlməsi qeyd edilir"

Bunu AzVision.az-a açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.
O qeyd edib ki, son dövrlər respublikada isti hava axınlarının təkrarlanması halları çoxalıb: “Bir neçə gündür ki, Şimali Afrika üzərində formalaşan tropik hava kütlələri ərazimizə daxil olub və bu hava kütlələri gələndə temperatur kəskin şəkildə yüksəlir. Ona görə də belə hava kütlələri ümumi götürəndə yay fəsli üçün bizə o qədər də yad deyil. Lakin son günlər normadan, təqribən 3-5 dərəcə yüksək temperatur olur, bu da cənubdan gələn hava kütlələrinin təkrarlanması ilə bağlıdır. Hava kütlələri Şimali Avropa ilə Şimali Afrika arasında təzyiq fərqinin çox olması səbəbindən tez-tez təkrarlanır. Həmçinin bir neçə gündür ərazimizdə alçaq təzyiq sahəsi yaranıb, ona görə də cənub siklonlarının gəlməsi üçün şərait yaranıb. Bunlar da tez-tez dəyişən hava kütlələridir”.

M.Həsənov bildirib ki, bu yay Azərbaycanda temperatur normaya nisbətən isti olacaq.
“Yağıntılar, temperatur, ümumiyyətlə, iqlim göstəriciləri üçün 1961-1990-cı illər Ümumdünya Metreologiya təşkilati tərəfindən norma kimi əsas götürür. O illərə nisbətən həm Bakıda, həm düzən və dağətəyi rayonlarımızda havanın orta aylı temperaturunun normadan 3-5 dərəcədə yüksək olması gözlənilir. Bu, ehtimaldır. 2010-cu il son on illiyin (2001-2010-ci illəri nəzərə alanda) ən isti il hesab edildi. 1990-ci ildən bəri ildən-ilə daha isti hava müşahidə edilir”.



Direktor müavini bildirib ki, temperaturun yüksəlməsi artıq iqlim dəyişkənliyinin ilkin əlamətləri kimi özünü biruzə verir. “Son 10 və ya 25 ildə havanın temperaturunda istiləşmə ardıcıl olaraq müşahidə edilir və bu, iqlim dəyişmələrənin ilk göstərcilərindən biridir. İsti sevən bitkilərin inkişafı üçün şərait yaranacaq, bir şərtlə ki, onları suvarma ilə təmin edə bilək. Temperaturun yüksəlməsi eyni zamanda istlik qurşaqlarının hündürə qalxmasına səbəb olacaq. Bizdə buzlar böyük deyil, 5-6 kvadrat km civarındadır. Onların əriməsi üçün şərait yarana bilər. Amma bu olmaya da bilər, çünki təbiət hadisələrinə proqnoz vermək çətindir”.

Qeyd edək ki, son günlər ölkə ərazisində anomal istilər müşahidə edilir. Yüksək temperaturun iyulun 2-dək davam edəcəyi gözlənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   İsti   Hava  





Xəbər lenti