Yeni şəxsiyyət vəsiqələri sentyabrda veriləcək

Yeni şəxsiyyət vəsiqələri sentyabrda veriləcək
  29 İyun 2018    Oxunub:16198
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt dəyişdirilir. Vəsiqələrin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılırdı.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi üçün lazım olan avadanlıqlar artıq ölkəmizdədir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti