Məmmədyarov macar həmkarı ilə görüşüb

Məmmədyarov macar həmkarı ilə görüşüb
  29 İyun 2018    Oxunub:1521
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və ölkələr arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulanıb.

Nazirlər Bakıda keçirilən Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, habelə digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd ediblər.

P. Siyarto Hökumətlərarası Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən 8-ci iclasın nəticələrindən məmnunluğunu ifadə edərək iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəf-müqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib.

E. Məmmədyarov Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafında Macarıstanın dəstəyinin təqdir edildiyini diqqətə çatdırıb. O, Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizinin icrası haqqında ətraflı məlumat verib və bu sahədə əməkdaşlıq imkanlarından danışıb.

Nazirlər təhsil sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər. P. Siyarto hal-hazırda Macarıstanda Azərbaycandan 477 tələbənin təhsil aldığı və illik əsasda 200 nəfər azərbaycanlı tələbə üçün təqaüd ayrıldığı barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E. Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində işğala əsaslanan mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini söyləyib. O əlavə edib ki, status-kvo dəyişdirilməlidir.

Görüşdən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb. Sənədə Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Macarıstan tərəfindən isə xarici işlər və ticarət naziri Peter Siyarto imza atıb.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti