Polisin 100 illik yubileyi qeyd olunub

  02 İyul 2018    Oxunub : 2619
Polisin 100 illik yubileyi qeyd olunub
Bu ilki peşə bayramı günü – 2 iyul Azərbaycan Polisi həm də yaranmasının 100 illik yubileyini qeyd edir. Bu münasibətlə keçirilən təntənəli tədbirdən öncə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in təmsilçiləri Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Daha sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər Xiyabanı ziyarət olunub.

İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevin əlamətdar yubiley münasibətilə polis orqanlarının şəxsi heyətinə təbrikini çatdırıb.



Sonra nazir, general-polkovnik Ramil Usubov ötən 100 ildə Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövründə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, həmçinin möhtərəm Prezidentimizin başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, şəxsi heyətə ali diqqət və qayğısı barədə geniş məruzə ilə çıxış edib.

Nazir asayiş keşikçilərinin öz şanlı yubileylərini böyük qürur hissi və xidmətdə qazandığı uğurlarla qeyd etdiklərini, bu münasibətlə ünvanladığı təbrikdə möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Polisinin 100 illik əzmkar missiyasına dolğun, keçdiyi şərəfli yola yüksək qiymət verməsinin bütün şəxsi heyətin hədsiz sevincinə, ruh yüksəkliyinə səbəb olduğunu, bu günlərdə ölkə başçımızın imzaladığı sərəncamlarla 49 əməkdaşımızın dövlət mükafatlarına, 2 rəhbər vəzifəli şəxsin isə ali xüsusi rütbəyə layiq görüldüyünü vurğulayıb.

Polisin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlılığını nəzərə alan, tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan xalqımızın ümummilli lideri Heydər Əliyevin 20 il öncə, 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-nin “Azərbaycan Polisi Günü” elan edildiyini deyən daxili işlər naziri bu müdrik qərarın polisin ən yaxşı ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, torpaqlarımızın müdafiəsində və xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təcəssümü olduğunu diqqətə çatdırıb.



Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu illər ərzində daxili işlər orqanlarının inkişaf etdiyi, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığı, Azərbaycan milisinin İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstərdiyi, ulu öndərin rəhbərliyi altında respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illərin Daxili İşlər Nazirliyinin tarixində mühüm mərhələ olduğu qeyd edilib.

Bildirilib ki, məhz həmin dövrdə ümummilli lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı ciddi qərarlar qəbul edib. Şəxsi heyətin milli dövlətçilik ideyası ruhunda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildən başlayaraq, Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə döyüşən yeganə silahlı qüvvə məhz polis, sonralar isə Daxili Qoşun hissələri idi. Həmin döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710-u yaralanıb. Müstəqillik illərində xidməti vəzifələri yerinə yetirərkən isə 99 əməkdaş həyatını itirib, 2640 nəfər xəsarət alıb. Göstərdikləri fədakarlığa görə daxili işlər orqanlarının 67 əməkdaşına Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib, 1143 nəfər müxtəlif orden və medallarla təltif olunub.

Daha sonra cənab Ramil Usubov müstəqilliyin ilk illərində respublikamızda yaşanan ictimai-siyasi böhran, hərc-mərclik, özbaşınalıq, insan hüquqlarının kütləvi şəkildə pozulması, torpaqlarımızın işğalı və separatizmin Azərbaycanın bir dövlət kimi mövcudluğunu təhlükə altına alması, onu dağılmaq həddinə gətirməsi, çoxsaylı qanunsuz silahlı dəstələrin əhalidə vahimə və qorxu yaratması, cinayətlərin sayının kəskin artması, kriminogen durumun nəzarətdən çıxması, belə ağır və mürəkkəb vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin qurtuluş missiyasını həyata keçirərək qısa müddətdə respublikada möhkəm və dönməz sabitlik yaratmağa nail olması, dövlət çevrilişi və vətəndaş müharibəsinin qarşısının alınması, anarxiyaya son qoyulması, qanunsuz silahlı dəstələrin tərksilah edilməsi, kriminogen durumun nəzarətə götürülməsi barədə ətraflı danışıb.

Ən yeni tariximizə nəzər salan nazir 2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizin öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu, lakin həmin illərin də asan olmadığını, yenidən dövlətimizi xaos və anarxiyaya sürükləməyə cəhdlərin göstərildiyini, bu antimilli əməllərin qarşısının Ali Baş Komandanımızın qətiyyəti, möhkəm iradəsi, hüquq-mühafizə orqanlarının yaranmış vəziyyətə operativ müdaxiləsinin təşkili sayəsində alındığını, məhz ictimai asayişin etibarlı qorunmasının nəticəsi olaraq onun rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün çox mühüm olan qlobal layihələrin reallaşdığnı məmnunluqla xatırladıb.

Cinayətkarlığa qarşı mübarizədə digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birgə qazanılan uğurların mötəbər beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirildiyi nəzərə çatdırılıb. Məlumat verilib ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycan Respublikası 2017-ci ildə 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü, “Təhlükəsizlik” indikatoru üzrə 40-cı, “Mütəşəkkil cinayətkarlıq” indikatoru üzrə 43-cü mövqedə qərarlaşıb.

Bildirilib ki, müasir dövrün çağırış və təhdidləri nəzərə alınmaqla şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına da böyük önəm verilir. Belə ki, son 15 ildə beynəlxalq qurumların təşkil etdiyi forum, müşavirə və treninqlərdə 6 mindən çox əməkdaş iştirak edib, təcrübə mübadiləsi aparılıb. Hər il onlarla gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir. Müstəqilliyin ilk illərində hüquqşünas ixtisası tələb olunan zabit heyəti vəzifələrinin yalnız 16 faizini müvafiq təhsilli əməkdaşlar təşkil edirdisə, hazırda bu göstərici 100 faizə çatıb, kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların isə təxminən 20 faizi ali təhsillidir.

Nazir R.Usubov xidməti vəzifələrin icrasında yaxından köməkliklərinə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, hüquq-mühafizə, xüsusi xidmət və digər dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə təşəkkürünü bildirib, həmçinin gənc əməkdaşların formalaşmasında və təcrübə əldə etməsində böyük işlər görən veteranlara təşəkkür edərək ən xoş arzularını çatdırıb.



Daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək dəyərləndirdiyinə görə bütün şəxsi heyət adından ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir Ramil Usubov əmin edib ki, Azərbaycan Polisi inkişafın və rifahın rəhni olan sabitliyin qorunub saxlanılması, qanunçuluğun, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, andına sadiq qalaraq Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcək, möhtərəm Prezidentin inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaqdır.

Təntənəli mərasim Nazirliyin ayrı-ayrı struktur qurumlarının şəxsi heyətinin, həmçinin xidməti nəqliyyat vasitələrinin və süvarilərin tribuna önündən keçidi ilə başa çatıb.

AzVision.az

Teqlər: DİN   Polis