Sərhəddi qanunsuz keçən 7 nəfər tutuldu

  03 İyul 2018    Oxunub : 1957
Sərhəddi qanunsuz keçən 7 nəfər tutuldu
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar.
DSX-dan AzVision.az-a verilən məlumata görə, iyunun 15-də Bakı–Riqa–Stokholm reysi ilə tranzit uçan İraq vətəndaşı, 1987-ci il təvəllüdlü Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması müəyyən edilib.



İyunun 19-da Dubay-Bakı reysi ilə gələn Rusiya vətəndaşı, 1992-ci il təvəllüdlü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətinə təqdim etdiyi Rusiya pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı bəlli olub. Saxlanılmış şəxsin üzərindən Ukrayna pasportu da aşkarlanıb. Araşdırma zamanı U.İnalovun 2016-cı ildən Rusiyada federal axtarışda olduğu üzə çıxıb.



İyunun 20-də Sankt–Peterburq–Gəncə reysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü Həsənov Fizuli Vəli oğlunun pasport nəzarətinə təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Vəli oğluna məxsus olduğu aşkarlanıb. İyunun 25-də Dubay-Bakı-Milan reysi ilə tranzit uçan Şri-Lanka vətəndaşı, 1996-cı il təvəllüdlü Vijayaseelan Tanjeevanın İtaliya yaşayış kartının saxtalaşdırıldığı aşkar olunub.



İyunun 26-da BakıMoskva–Vyana reysi ilə tranzit uçan İraq vətəndaşı, 1980-ci il təvəllüdlü Jaafar Ammar Musa Jaafarın Avstriya yaşayış kartının saxta olması aşkarlanıb. Həmin gün Bağdad–Bakı reysi ilə gələn İraq vətəndaşı, 1999-cu il təvəllüdlü Al Saeed Muhammad Jawad Camalın pasportundakı İran vizasında fotoşəkilin özgəsinə məxsus olduğu müəyyənləşdirilib. İyunun 30-da İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətəndaşı, 1973-cü il təvəllüdlü Dmitrov Valentin Konstantinovun isə pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırıldığı müəyyən edilib.



Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.













AzVision.az

Teqlər: DSX   Sərhəd   Keçid