“Azərbaycan” İES-in 2 bloku işə salınıb

“Azərbaycan” İES-in 2 bloku işə salınıb
  03 İyul 2018    Oxunub:1587
“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 2 bloku artıq istismara verilib.
Bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

O bildirib ki, İES-in 150 meqavatlıq bir blokundan sonra ikinci blok da işə salınıb. Hazırda respublika üzrə elektrik enerjisinin təchizatı təxminən 94-96 faizdir. Axşam saatlarınadək İES-in daha 2 bloku işə düşəcək və ölkə üzrə elektrik enerjisinin təchizatı 100 faizə çatdırılacaq.

Qeyd edək ki, hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti