Elmar Vəliyevə sui-qəsd edən kimdir?

  04 İyul 2018    Oxunub : 14113
Elmar Vəliyevə sui-qəsd edən kimdir?
Xəbər verdiyimiz kimi, ötən gün saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
AzVision.az-ın məlumatına görə, cinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

Sosial şəbəkələrdə hadisəni törədən Y. Səfərovun pasportunun görüntüsü paylaşılıb. İddia olunur o, Gəncədə anadan olsa da, Rusiya vətəndaşıdır. Bundan başqa həmin şəxsin ötən gün törətdiyi məlum hadisəyə qədər axtarışda olduğu, sui-qəsd olayını icra başçısı ilə şəxsi ədavət zəminində törətdiyi qeyd olunur.

Digər məlumatlarda cinayətkarın Rusiyada bizneslə məşğul olduğu vurğulanır.



Qeyd edək ki, fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.



AzVision.az

Teqlər: Gəncə