AQTA maarifləndirmə tədbirlərini davam etdirir

AQTA maarifləndirmə tədbirlərini davam etdirir
  05 İyul 2018    Oxunub:2890
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pambıqçılıq təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqro-kimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda maarifləndirici görüşlərini davam etdirir.
Bu barədə AzVision.az-a agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsindən bildirilib.

AQTA-nin əməkdaşları iyulun 5-də yerli və xarici şirkətlərin nümayəndələri ilə birgə Ağcabədi rayonunda yerləşən bir sıra pambıq sahələrinə baxış keçiriblər.

Agentliyin Fitosanitar nəzarəti şöbəsinin müdiri X. Dadaşova təsərrüfat rəhbərləri ilə görüşdə sanitar-gigiyena normaları və təhlükəsizlik texnikası qaydaları barədə ətraflı məlumat verərək bildirib ki, sahələrdə texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə istifadə olunan pestisidlərin ətraf mühit və insan sağlamlığına mənfi təsiri olmur, əksinə pestisidlərdən düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətini yaxşılaşdırır.

Şöbə müdiri həmçinin qeyd edib ki, açıq tarla seminarlarının keçirilməsində əsas məqsəd pestisidlərin tətbiqini həyata keçirən iş icraçıları, torpaq mülkiyyətçiləri və fermerlər arasında təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsidir.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına dair təlimatlar təsərrüfat rəhbərlərinə və pambıq sahəsində çalışan işçilərə paylanılıb.

AzVision.az


Teqlər: AQTA  





Xəbər lenti