Təzyiqlər nəticə verdi – Cənubi Koreya İrandan neft idxalını dayandırdı

Təzyiqlər nəticə verdi – Cənubi Koreya İrandan neft idxalını dayandırdı
  06 İyul 2018    Oxunub:1269
Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft idxalını dayandırıb.
AzVision.az bildirir ki, bu barədə Reuters etibarlı mənbələrinə istinadən xəbər verib.

Qeyd olunur ki, Cənubi Koreya ABŞ-ın təzyiqi fonunda iyul ayı üçün İrandan neft və kondensant qəbul etməyib və konteynerləri geri göndərib. Bu isə o deməkdir ki, avqust ayından başlayaraq Seul İrandan neft idxalını dayandırır.

Çin və Yaponiya ilə yanaşı, İran neftinin Asiyadakı ən böyük alıcılarından olan Cənubi Koreya bu qərarını Tehrandan neft idxalına görə Vaşinqtonun tətbiq edəcəyi sanksiyalardan azad olmaq və İranın nüvə proqramı ilə bağlı saksiyalarda olduğu kimi, ABŞ limanlarından neft daşınmasında imtiyazlar qazanmaq üçün verib. Hazırda Seulla Vaşinqton bu barədə danışıqlar aparırlar.

ABŞ-ın Asiya və Sakit okeanı regionundakı əsas müttəfiqlərindən olan Yaponiya isə İrandan neft idxalını hələ də davam etdirir.

Xatırladaq ki, mayın 8-də ABŞ birtərəfli qaydada İranla nüvə sazişindən çıxaraq, Tehrana qarşı maliyyə, iqtisadi və enerji sahəsində sanksiyaları bərpa edib. 4 noyabrdan isə İranın neft istehsalına qarşı sanksiyalar işə düşəcək. İyunun sonlarından başlayaraq, Vaşinqton bütün müttəfiqlərindən noyabrdan etibarən İrandan neft idxalını dayandırmalarını tələb edir. ABŞ həmçinin, qeyri-müttəfiq ölkələr - Çin və Hindistanla da bu barədə danışıqlar aparır. Tehran isə bəyan edir ki, ABŞ bu cür təzyiqlərini davam etdirsə, Körfəz ölkələrindən neft daşınması üçün strateji əhəmiyyətli Hörmüz boğazı bağlana bilər.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kreya   İran   ABŞ  





Xəbər lenti