Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsas hədəfləri

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsas hədəfləri
  08 İyul 2018    Oxunub:7540
"Bu gün narahatçılıq doğuran əsas məqamlardan biri avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir. Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77, yük avtomobillərinin isə 81%-nin istifadədə olduğu müddət 10 ildən çoxdur"
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova AzVision.az-a bildirib ki, bu sahə üzrə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi planlaşdırılır.

"Əsas hədəf Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən təqdim olunan xidmətləri elektronlaşdırmaqla vətəndaşlara və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətini artırmaq, məmur-vətəndaş təmasını minimuma endirmək və şəffaflığı təmin etməkdir".

Qurum rəsmisinin sözlərinə görə, avtovağzallar və avtostansiyalar əhalinin və ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz daşınmasının təşkilində böyük rol oynayır. Bu baxımdan, ölkəmizdə avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi, mövcud infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər görülür.

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilir və bu işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulur. Şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi, iki tərəfli online bilet satışı da diqqət mərkəzində olan məsələdir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Nuridə-Allahyarova   Avtobus   Sərnişin  





Xəbər lenti