"Biz bu yolda yorulmadan çalışacağıq" - Hicran Hüseynova

"Biz bu yolda yorulmadan çalışacağıq" - Hicran Hüseynova
  09 İyul 2018    Oxunub:3222
İyulun 9-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, sədr Hicran Hüseynova ötən yarım ildə ölkə həyatında baş vermiş bir neçə mühüm hadisələri nəzərdən keçirib. Bildirib ki, 2018-ci il ölkəmiz üçün çox əlamətdar hadisələrlə başlayıb.

Hicran Hüseynova deyib ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, etnik təmizləmələri, terror aktlarını, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayırlar. Əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz bu sabitliyə təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də dövlətimizin başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində nail olmuşuq.

Komitə sədri qeyd edib ki, aprelin 11-də növbədənkənar prezident seçkilərində partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyev növbəti dəfə xalqın etimadını qazandı. Prezident İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirib. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, qeyri-neft sahələrinin, o cümlədən kənd təsərrüfatının inkişafı ailələrin, qadın və uşaqların yaşayışına müsbət təsir göstərir.

H.Hüseynovanın sözlərinə görə, təkcə iki beynəlxalq layihənin adını çəkmək kifayətdir ki, dövlətimizin nə qədər güclü olduğunu görək. Cənub Qaz Dəhlizinin rəsmi açılışının keçirilməsi, eləcə də TANAP –ın istismara verilməsi təkcə Azərbaycan üçün deyil, qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. Həmin layihələr bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Bütün bu və digər amillər güclü iqtisadiyyatın yaranmasına imkan verir. Bu isə Azərbaycanda istənilən sosial layihənin, infrastruktur layihələrinin həyata keçirilməsinə əsas verir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Bu ilin ilk altı ayında həyata keçirilən sosial layihələr, bir sıra sosial obyektlərin, texno-parkların açılışı, təməlqoyma mərasimləri buna əyani sübutdur. Bu uğurların bünövrəsini Azərbaycanın ümummilli lideri Heydər Əliyev qoyub. Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz bu konsepsiyanın icrası nəticəsində mümkün olub.

H.Hüseynova, həmçinin bildirib ki, bir neçə gün öncə erməni terrorunun qurbanı olan 2 yaşlı Zəhranın və onun nənəsinin ildönümü idi. Əlbəttə, bu erməni vandalizmidir. Lakin biz ruhdan düşmürük, Ordumuzun bir-birinin ardınca həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar düşməni qorxuya salıb. Hərbi sənayenin inkişafı, Ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş Cocuq Mərcanlının və ona bitişik ərazilərin yenidən qurulması insanlarda torpaqlarımızın azad edilməsi inamını daha da artırır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Bunun bariz nümunəsi olaraq, dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Sərəncamını göstərmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yanaşı, qadınlara seçmək və seçilmək hüququnun verilməsinin də 100 illiyi qeyd edilir. Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verən ilk ölkədir. 100 il əvvəl belə bir hüquq əldə etməklə biz bir sıra qabaqcıl Avropa ölkələri ilə eyni sırada dayanırıq. H.Hüseynova Komitə tərəfindən də bu əlamətdar hadisə ilə bağlı Gəncədə konfrans keçirildiyini və silsilə tədbirlərə start verildiyini vurğulayaraq deyib ki, bu tədbirlərə Qadınların V Forumu ilə yekun vurduq. Forumun yeni formatda keçirilməsi, beynəlxalq statusa malik olması çox bəyənildi. Əlbəttə ki, dövlətimizin başçısının və eləcə də respublikanın Birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti və dəstəyi olmadan belə bir nüfuzlu tədbiri keçirmək qeyri-mümkün idi. Onların Foruma təbrik məktubları, həm də qadınların qarşısında bir çox hədəflər qoyub. İnanıram ki, biz bu hədəflərə nail olacağıq.

Ölkəmiz yaxın qonşuluq və ikitərəfli əməkdaşlıq prinsiplərinə hər zaman xüsusi diqqət yetirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu siyasətin tərkib hissəsi olaraq, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində təcrübənin artırılması, ölkəmizin əldə etdikləri uğurların təbliğ olunması istiqamətində işlər görür. H.Hüseynova qeyd edib ki, yarım il ərzində Komitənin rəhbər vəzifəli şəxsləri və eləcə də əməkdaşları mühüm xarici səfərlər edib. O, bu səfərlər haqqında məlumat verərək qeyd edib ki, artıq Azərbaycan təcrübəsi böyük maraqla qarşılanır və bir çox ölkələr mübadilə üçün bizə müraciət edirlər.

Komitə sədri qeyd edib ki, bütün bunlar dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin sadəcə bir hissəsidir. Biz bu yolda yorulmadan çalışacağıq ki, daha gözəl nəticələr əldə edək.

Sonra sədr müavinləri Sədaqət Qəhrəmanova Dövlət Komitəsinin 2018-ci ilin birinci yarısında iş planının icra vəziyyəti, Aynur Sofiyeva isə 2018-ci ilin ikinci yarısı üçün iş planı haqqında məlumat veriblər.

Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva isə “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 oktyabr tarixli 472 nömrəli Fərmanının icra vəziyyətinin yoxlanılması ilə əlaqədar Komitədə keçirilmiş xidməti yoxlamanın nəticələri barədə məruzə edib.

Komitənin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının Yeni Əsasnaməsinin layihəsinin hazırlanması barədə məlumat verib.

Kollegiya iclasında Komitənin nəzdindəki uşaq və ailələrə dəstək mərkəzlərinin işi geniş təhlil olunub, onların fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.

Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova da iclasda iştirak edib.

Kollegiya iclasının iştirakçıları qaldırılan məsələləri ətraflı müzakirə etdikdən sonra Komitənin 2018-cı ilin birinci yarısındakı fəaliyyətini müsbət qiymətləndiriblər.

Sonda Hicran Hüseynova iclasa yekun vuraraq görüləcək işlərlə bağlı öz tövsiyə və göstərişlərini verib.

AzVision.az


Teqlər: Komitə   Hicran-Hüseynova  





Xəbər lenti