Vergi yoxlamalarının sayı 55 faizədək azalıb

Vergi yoxlamalarının sayı 55 faizədək azalıb
  10 İyul 2018    Oxunub:2411
“2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayında yoxlamaların sayı 55 faizədək azalıb”.
AzVision.az xəbər verir ki, bunu vergi auditi departamentinin baş direktorunun müavini Fateh Mustafayev bildirib. Onun sözlərinə görə, bununla belə, vergidən yayınma hədəfinin düzgün müəyyən edilərək, keyfiyyətinin və effektivliyin artırılması əsas məqsədlərdən biridir: “Bu sahədə səyyar vergi yoxlamalarının keçirilmə müddətlərinin tezləşdirilməsi, elektron auditin əhatə dairəsini genişləndirilməsi, yoxlamaların effektivliyinin artırılması, şəffaflığın və bərabər rəqabət şərtlərinin təmin edilməsi, korrupsiya əlamətlərinin sıfıra endirilməsi əsas hədəf kimi qarşıya qoyulub”.

Fateh Mustafayev qeyd edib ki, yoxlamaların keyfiyyətinin artırılması məqsədilə vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün də tədbirlər görüləcək: “Bu məqsədlə həm vergi orqanlarında işləyən daha təcrübəli və savadlı əməkdaşlar, həm də kənar ekspertlər cəlb edilməklə gənc əməkdaşların yetişdirilməsi prosesi həyata keçiriləcək.

Korrupsiya əlamətlərinin minimallaşdırılması məsələsinə gəlincə, burada nazirlik tərəfindən görülən işlərlə yanaşı, vergi ödəyicilərinin özləri də hər hansı neqativ halla rastlaşdıqda 195-1 Çağrı Mərkəzi və mövcud kommunikasiya vasitələrindən istifadə etməklə Vergilər Nazirliyinə məlumat verə bilərlər. Bu müraciətlər ciddi araşdırılacaq və nəticəsindən asılı olaraq tədbirlər görüləcəkdir”.

AzVision.az


Teqlər: Vergi   Yoxlama  





Xəbər lenti