Növbəti hərrac keçirilib

Növbəti hərrac keçirilib
  10 İyul 2018    Oxunub:3743
İyulun 10-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən növbəti hərracda ümumilikdə 15 əmlaka 22 sifariş verilib.
Komitədən AzVision.az-a bildiriblər ki, budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilib, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak edib. Bu nəticə vətəndaş rahatlığını və şəffaflığı təmin edən elektron hərraca marağın artmasının göstəricisidir.

Sifarişçi ümumi faydalı sahəsi 26.7 kvadratmetr olan Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi üçün 6 min manat ödəməklə əmlakın sahibinə çevrilib. Xidmət sahələrində fayda verə biləcək digər qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri isə Gədəbəy, Mingəçevir, Sumqayıt şəhərlərində yerləşir. 450 manat ödəməklə sifarişçini əmlak sahibinə çevirən Siyəzən şəhərində yerləşən 43 saylı mağazanın ümumi faydalı sahəsi 20.1 kvadratmetrdir.

Hərracda yüksəkrəqabətli mühit nəqliyyat vasitələrinin özəlləşdirilməsində müşahidə olunub. Buraxılış ili 2003 olan “QAZ 3110-101” markalı avtomobil üçün ilkin qiymət 1300 manat təyin olunsa da, sifarişçilər arasında rəqabətli mübarizə nəticəsində nəqliyyat vasitəsinə ən son təklif 3 min 200 manat olub. Rəqabətli proses yaradan bu dövlət əmlakına 2-si elektron olmaqla 5 sifariş verilib və sifarişçilərdən biri hərracda onlayn formada iştirak edib. "Opel Omeqa" markalı avtomobilin hərracında ilkin qiymət 750 manat müəyyən olunub. İki sifarişçinin avtomobilə sahibolma istəyi qiyməti 2 dəfədən çox artırıb 1900 manata yüksəldib. Nəqliyyat vasitələrində rəqabət tendensiyası bir nəfərin onlayn formada iştirak etdiyi “KamAZ-55111” markalı avtomobilin hərracı üçün də xarakterikdir. İlkin qiyməti 2 min 600 manat olan dövlət əmlakı 3 min 550 manat ödənilməklə özəlləşdirilib.

Növbəti özəlləşdirmə hərracı 17 iyulda keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 157 dövlət obyekti çıxarılıb. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u səhmdar cəmiyyət, 54-ü kiçik dövlət müəssisə və obyekt, 70-i qeyri-yaşayış sahələridir.

Özəlləşdirmə hərracına qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayətdir. Portalda hər bir əmlak haqqında məlumat, onun xəritədəki yeri və mövcud vəziyyəti barədə fotoşəkillər var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.

Qeyd edək ki, hərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlakları özəl sektorun iqtisadi rolunu yüksəltməklə bərabər, qeyri-neft sektorunun inkişafını təmin edir. Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mövcud imkanlar genişləndirilir, prosedurlar sadələşdirilir. Dövlət əmlaklarının hərraclarda özəlləşdirilməsinin elektron mühitə inteqrasiyası bütün regionlarda və ölkə xaricində proses iştirakçılarının sayını artırır. Ərazi, qiymət, faydalılıq baxımından bir-birindən fərqli dövlət əmlaklarının prosesə çıxarılması, elektron hərrac sisteminin tətbiqi rəqabətli formada vətəndaş aktivliyi ilə nəticələnir.

AzVision.az


Teqlər: Hərrac  





Xəbər lenti