"Azərbaycanda əcnəbilərə xüsusi qayğı ilə yanaşılır" - Vüsal Hüseynov

"Azərbaycanda əcnəbilərə xüsusi qayğı ilə yanaşılır" - Vüsal Hüseynov
  11 İyul 2018    Oxunub:3499
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv və qurumun Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso ilə görüşüb.
DMX-dən AzVision.az-a verilən məlumata görə, tanışlıq xarakterli görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

V.Hüseynov Xidmətin fəaliyyət istiqamətləri və həyata keçirilən yeniliklər barədə qonaqlara ətraflı məlumat verib. Ölkəmizdə əcnəbilərə qaçqın statusunun verilməsi, bu şəxslərin qəbul edilməsi, yerləşdirilməsi və digər əlaqəli məsələlər üzrə səlahiyyətli qurumlardan biri kimi DMX ilə BMT QAK-ın Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq əlaqələrindən danışıb. Azərbaycanda qaçqın statusu alan və yaxud qaçqın status almaq üçün müraciət edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi həssaslıq və qayğı ilə yanaşıldığı qeyd olunub. Onların hüquq və azadlıqlarını tam sərbəst həyata keçirmələri üçün qanunvericiliyin formalaşdığı və təkmilləşdirilməsi ilə bağlı da müvafiq işlərin görüldüyü bildirilib.



Yohannes van der Klauv əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, vətəndaşsızlıq hallarının aradan qaldırılması, eləcə də qaçqınların inteqrasiyası istiqamətində DMX-nin fəaliyyətini, dövlət orqanlarının iştirakı ilə bu həssas kateqoriyaya aid şəxslərin məsələləri ilə məşğul olan işçi qrupun yaradılmasını yüksək qiymətləndirib.



Qurumun Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Quido Ambroso da Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilən tədbirlərin davamlı olacağına əminliyini ifadə edib, münasibətlərin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov  





Xəbər lenti