“Axı polisi necə öldürmək olar?” – Tanınmışlar Gəncədən danışır

“Axı polisi necə öldürmək olar?” – Tanınmışlar Gəncədən danışır
  11 İyul 2018    Oxunub:39977
Azərbaycanın tanınmış simaları ötən gün Gəncədə iki polis zabitinin şəhid olması ilə nəticələn iğtişaşlara biganə qalmayıblar. İncəsənət xadimləri Gəncə hadisələrinə münasibət bildirərək cinayətdə əli olan hər bir şəxsin sərt şəkildə cəzalandırılmasını tələb ediblər.
Xalq artisti, Gəncədən olan tanınmış müğənni Şahnaz Haşımova AzVision.az-a bildirib ki, Gəncədə yaşayan hadisələr məqsədli şəkildə törədilib. Onun sözlərinə görə, təxribatın ideya müəllifi gəncəlilər ola bilməz, bunu xaricdən ediblər.

“Hadisələr baş verəndə Gəncədə olmamışam. Dünən axşam məsələni eşidib, təcili yola düşdüm. Gəncəyə yeni daxil olmuşam. Bilirəm ki, mənim doğma, əziz Gəncəm həmişə dövlətimizə, xalqımıza sadiq və dövlətçiliyimizin yanında olub. Düşünürəm ki, dünən baş verən hadisələr bizim gəncəlilərin və Gəncəmizin işi deyil. Bu, tamam başqa yerlərdən gələn xəta- bəladır. Mən xəbərləri eşidəndə çox pis oldum. Qan təzyiqim 200-dən artıq idi. Gecədən dərman içirəm".



Xalq artisti şəhid olan polis zabitləri İlqar Balakişiyevi və Səməd Abbasovu nəcib insan kimi tanıdığın söyləyib: "Onların xətrini bütün Gəncə istəyirdi. Biz həmişə rəhbərimizə hörmətli olmuşuq. Baş verənlər xalqımızı, dövlətimizi istəməyən paxıl dövlətlərin işidir. Onların qurduğu oyun idi. Şəhərimizdə indiyə kimi belə şeylər görməmişəm. Gəncəmizdə din xadimlərinə, incəsənət adamlarına, alimlərə, ümumiyyətlə, bütün təbəqələrə böyük hörmətlə yanaşılıb. Bizim şəhərimiz sakitliyin, əmin-amanlığın şəhəridir”.



Əməkdar artist, Gəncə Dövlət Dram Teatrının aktyoru Elxan Yunis qanun keşikçilərinin vəhşicəsinə qətlə yetirilməsinə görə məyus olduğunu deyib.

“İlqar müəllim doğurdan da dəyərli, vətən, dövlət üçün canından keçən insan idi. Mənim ən yaxın dostlarımdan biri olub. Onun dünyasını dəyişməsinə hələ də inana bilmirəm. Hadisələri başa düşə bilmirəm. Nə baş verir? Balakişiyev Gəncənin igid oğlu idi. Gəncəyə “İmamzadə” şəhəri deyirlər. “İmamzadə” haqqında sənədli film çəkiləndə onun kadr arxasını mən oxumuşam. Dindarlar “İmmazadə”yə baxsınlar, görsünlər ki, oranı necə gözəlləşdiriblər, nələr yaradıblar”.



Xalq şairi Fikrət Qoca isə bildirib ki, Azərbaycan xalqı polisə əl qaldıran caniləri heç vaxt bağışlamayacaq.

“Allah şəhid polislərimizin yaxınlarına səbr versin. Onlara başsağlığı verirəm. Bu azğınlar tək polisə deyil, qanuna əl qaldırıblar. Polis qanunu qoruyur, qanun adamıdır. Onun üstündə silah var. Özünü müdafiə etmək üçün bu silahdan istifadə edə bilər. Amma o polislər silahdan istifadə etməyiblər. Öz həmyerlilərinə silah çəkməyə qıymayıblar. Əvəzində canlarını veriblər. Nadanlar, cahillər isə qanmadılar ki, hamımız azərbaycanlıyıq, müstəqil ölkəyik. Qanunu biz qorumasaq, kim qoruyacaq? Hamımız qanunun əsgəri olmalıyıq”.

Xalq artisti, aktyor Hacı İsmayılov digər həmkarları kimi Gəncədə baş verən hadisələrdən təəssüfləndiyini bildirib. O, dünənki hadisələri eşidəndə halı pisləşib:



“Azərbaycan əmin-amanlıq ölkəsidir. Dünən Gəncədəki hadisəni eşidəndə çox pis oldum. Bu, dövlətə, hakimiyyətə və xalqa qarşı təxribatdır. Bunu edənlər xalqın düşmənləridir. Onlar İraqda, Suriyada olan hadisələrin bizim başımıza gəlməsinə çalışırlar. Bunların hamısı Azərbaycanın azadlığını, müstəqilliyini istəməyən insanların əməlidir. Vəziyyətdən istifadə edib hadisələri başqa məcraya götürmək istəyirlər. Polisi necə öldürmək olar? Bu, ağlasığımaz hərəkətdir".

Aktyor hesab edir ki, digərlərinə dərs olsun deyə, günahkarlar sərt cəzalandırılmalıdır: "Mütləq onlar ağır cəza almalıdırlar ki, başqalarına da dərs olsun. Görün hadisələr nə vaxt baş verdi? Ərdoğan prezident seçiləndən sonra ilk səfərini Azərbayacana etdi. Bu ərəfədə belə hərəkət etmək olar? Azərbaycan prezidentinin NATO nun sammitinə getməsi ərəfəsində belə iş tutmaq əlbəttə ki, planlı şəkildə olub. Məqsəd ölkənin nüfuzuna xələl gətirməkdir. Onlar müstəqilliyimizi, xalqımızın xoşbəxtliyini istəməyən, öyrədilmiş insanlardılar. Hansısa təşkilat, quruma bağlıdılar. Erməni dəyirmanına su tökürlər”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti