“ASAN xidmət”in yaradılmasından 6 il keçir

  13 İyul 2018    Oxunub : 605
“ASAN xidmət”in yaradılmasından 6 il keçir
Azərbaycan brendi olan “ASAN xidmət”in yaradılmasından 6 il ötür.

Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ASAN Xidmət" mərkəzləri yaradılıb.
İlk “ASAN xidmət” 2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət göstərməyə başlayıb. Pilot layihə olduğu üçün 1 nömrəli “ASAN xidmət” mərkəzinin xidmətlərindən ilkin mərhələdə paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinləri yararlanıblar.

Qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Bu gün “ASAN xidmət” mərkəzlərdə vətəndaşlara 10 dövlət orqanı ilə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-dən çox müxtəlif xidmətlər göstərilir. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Bu günədək “ASAN xidmət”-ə 22 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb.

Hazırda ölkədə 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək və hər bir Azərbaycan vətəndaşı “ASAN Xidmət”dən yararlana biləcək. 2020-ci ilə qədər “ASAN Xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq. Bu ilin payızında Şəkiİmişlidəki regional mərkəzlər istifadəyə veriləcək. Mərkəzlərin hər biri 500 mindən çox əhaliyə xidmət göstərəcək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti dövrdə daha 5 mərkəzin tikilməsi planlaşdırılıb. Bu istiqamətdə çox intensiv işlər gedir.

“ASAN xidmət” vətəndaşlara dövlət və özəl xidmətləri vahid məkandan göstərilməsini təmin edən nadir modeldir və e-hökumətin əhəmiyyətli tərkib hissələrindən biridir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Xidmətlərin göstərilməsində innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə qənaət etməyə imkan verir. Belə ki, vahid mərkəzi ziyarət edən vətəndaşlar onlarla dövlət və özəl təşkilatlar tərəfindən göstərilən müxtəlif xidmətlərdən istifadə edə bilərlər.

Xidmətlərin göstərilməsinə görə rüsumlar banklar vasitəsilə ödənilir ki, bu da “ASAN xidmət”in əsas prinsiplərindən olan şəffaflığın təminində önəmli pay sahibidir. Mərkəzlərdə həyata keçirilən bütün əməliyyatlar və tranzaksiyalar videomüşahidə kameralarının vasitəsilə qeydiyyata alınır. Beləliklə, bürokratik maneələr və korrupsiya halları tam aradan qaldırılır.

“ASAN xidmət” mərkəzlərində növbələrini gözləyən vətəndaşların vaxtlarını rahat və mənalı keçirmələri üçün bütün şərait yaradılıb. Mərkəzlərdə vətəndaşlar internet-kafe xidmətlərindən, ana və uşaq otaqlarından, uşaq meydançasından, həmçinin özünəxidmət məntəqələrindən istifadə edə bilərlər. “Vətəndaş həmişə haqlıdır” şüarını rəhbər tutan “ASAN xidmət”də nəzakətlilik və etik davranış qaydalarına ciddi əməl olunur. Mərkəzlərin əməkdaşları ixtisasartırma üzrə müxtəlif təlimlərdən keçirlər, beləliklə daim etik davranış səriştələrini artırmış olurlar. “ASAN xidmət”də yeni ideyalar və innovativ metodların tətbiqi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırmağa xidmət edir. Əlbəttə, bütün bunların nəticəsidir ki, “ASAN xidmət” mərkəzlərinə edilən müraciətlər gündən-günə artmaqdadır.

“ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. Eyni zamanda həmçinin “ASAN radio”, “ASAN Təlim-Tədris mərkəzi” və ABAD satış-sərgi mərkəzi fəaliyyət göstərir. Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2016-cı il iyunun 1-də “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” Fərman imzalayıb. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN viza” sistemi 2017-ci il yanvarın 10-dan fəaliyyətə başlayıb. Hazırda “ASAN viza” portalı 7 dildə (Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus) fəaliyyət göstərir. Dövlət başçısının fərmanı ilə yaradılan “ASAN viza” sistemi qısa müddət ərzində ölkəmizə turist axınının artmasına şərait yaradıb.

Daha bir yenilik isə “ASAN Ödəniş” sistemi üzərindən viza verilməsi prosesidir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza müraciəti prosesinin təmin edilməsi üçün “ASAN Ödəniş” terminallarından istifadə edilir Terminallara inteqrasiya edilmiş “ASAN viza” sistemi vasitəsilə əcnəbilər elektron müraciət formasını dolduraraq viza rüsumunu terminaldan ödəyə bilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizaya dair müraciətlərinin nəticələrini də “ASAN Ödəniş” terminalından əldə edə bilirlər.

“ASAN viza” sisteminin köməyilə xaricilər və vətəndaşlığı olmayan şəxslər üç gün və ya üç saat ərzində elektron viza əldə edə bilir. Əvvəllər sayt yalnız üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərirdisə, hal-hazırda saytın fars, ərəb, fransız və ispan dilində versiyaları əlavə olunub.

Yeni layihələrdən biri də “ASAN Turist” mobil applikasiyasıdır. Bu layihə ölkəmizə gələn turistlərin bütün turizm xidmətlərindən yararlanmasına imkan verəcək vahid platformadır. Turistlər applikasiyadan istifadə etməklə öz maraq dairəsinə uyğun obyektləri naviqatordan rahatlıqla taparaq xidmətlərdən istifadə edə, turizm şirkətlərinin regionlara təşkil etdikləri turlardan yararlana və özləri üçün səfərləri planlaşdıra bilərlər.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələrin həyata keçirilməsidir.

ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. “ABAD” öz fəaliyyətini regional mərkəzlər vasitəsilə həyata keçirir. Satışları təşkil etmək məqsədilə “ABADBakı şəhərinin müxtəlif yerlərində sərgi-satış mərkəzləri açıb - İçərişəhərdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda (“Duty free” zonası), Bakı Dəmir Yolu Vağzalında və Milli Gimnastika Arenasında. Belə bir sərgi-satış mərkəzi turizm prizmasından şox perspektivli olan Şamaxının Dəmirçi kəndində də fəaliyyət göstərir. Bu gün “ABAD” leyblı altında buraxılan məhsulların (mürəbbələr, cemlər, kolbasa və pendirlər) ölkənin ən iri hipermarketində satışı təşkil olunur.

Könüllülər də “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın komponentidir. Bu prosesə 14 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 1000 təlim, 300 layihə həyata keçirilib. Habelə 850-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. “ASAN Məktub” və “ASAN Kadr” layihələri qabaqcıl təcrübələr kimi BMT-nin "Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər" portalına daxil edilib.

Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan "ASAN Peşə" mərkəzi yaradılıb. Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, "ASAN Peşə" mərkəzində 4 istiqamət üzrə - elektrik, mexanik, santexnik, tikişçi peşələri üzrə ən müasir maddi-texniki baza vardır və burada mütəxəssislərin iştirakı nəzərdə tutulub.

Həmçinin Bakıda 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətə göstərir. Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə bilirlər. “ASAN Kommunal” mərkəzində Azərişıq, Azərsu və Azəriqaz tərəfindən 45 növ xidmət göstərilir. Yaxın gələcəkdə Bakıda, Ukrayna dairəsi yaxınlığında 3 saylı "ASAN Kommunal" mərkəzinin açılması planlaşdırılır.

“ASAN xidmət”in qazandığı uğurlar qısa müddət ərzində dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb. Azərbaycanın “ASAN xidmət” təcrübəsinin öyrənilməsinə başlanılıb. 2016-ci il iyulun 12-də Əfqanıstan Prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Respublikasının Maliyyə Nazirliyi arasında imzalanıb. Bu Memoranduma əsasən Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan “Asan Khedmat” təsis edilib,

“ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani deyib: “Əfqanlar buraya gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar. Bunların əyani sübutu “ASAN xidmət”dir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı”.

Bundan başqa, İtaliya, Koreya, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli müxtəlif mükafatlar qazanıb. “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzləri Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən və müxtəlif dövlətlərdən olan 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olub.

Həmçinin 2014-cü il dekabrın 15-də Dövlət Agentliyi və Sabirabad “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Standartın əsas tələbi xidmət mərkəzlərinin fəaliyyət göstərdiyi inzibati binalarda təhlükəsiz və sağlam iş mühitinin yaradılması, əməkdaşların effektiv, şəffaf və operativ xidmət göstərməsi, eyni zamanda, vətəndaşların tam təhlükəsiz, keyfiyyətli xidmət almağının təmin edilməsi üçün zəruri tədbirlərin nəzərə alınmasıdır. Zəruri tələblər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilərək, Dövlət Agentliyinin və Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərdiyi inzibati binanın beynəlxalq standartlara uyğun tikildiyinə dair qərar verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülüb. Keyfiyyətli İdarəetmə Sisteminin Dövlət Agentliyinin işində tətbiqi “ASAN xidmət” mərkəzlərində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur.

“ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb, həmçinin yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif edir. Azərbaycanı tanıdan və təbliğ edən milli brendimiz olan “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir. Bir sözlə, “ASAN” ölkəmizin ictimai həyatda böyük rol oynayır.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: ASAN-xidmət   ABAD   ASAN-Viza