“Terrorçu qruplaşma ölkədə sabitliyi pozmaq istəyir” - İlham Əliyev (VİDEO)

“Terrorçu qruplaşma ölkədə sabitliyi pozmaq istəyir” - İlham Əliyev (VİDEO)
  13 İyul 2018    Oxunub:11337
“İyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak oldu. Yaralanan vətəndaşlarımız da var, onlardan biri də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allah şəfa versin.”.
AzVision.az-ın məlumatına görə, bu sözləri prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib. Ölkə başçısının sözlərinə görə, bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir:

"Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir. Bu terror aktları dini şüarlar altında törədilmişdir. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bildiyiniz kimi, ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur, İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülmüşdür. Müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə ən yüksək qiymət verir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına bizim tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib.



Yəni, bir daha demək istəyirəm ki, bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi".

İlham Əliyev qeyd edib ki, Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir: "Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti