Sabirabadda 39 km yol təmir olunur

Sabirabadda 39 km yol təmir olunur
  13 İyul 2018    Oxunub:1980
Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində uzunluğu 39 kilometr olan və 22 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.

Aparılan işlər nəticəsində yolboyu deformasiyaya uğramış hissələr bərpa olunub, yeni yol yatağı inşa edilib. Bunun ardınca yol əsasın alt və üst layı tikilib. Bundan başqa, layihə çərçivəsində yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub.

Texnoloji ardıcıllığa uyğun olaraq isə hazırda yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. İri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə yolun 230 min kvadratmetrdən çox hissəsinə yeni asfalt örtüyü döşənir.

Bütün işlərin texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Bərpa işləri yaxın müddət ərzində yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.


AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti