Xaricdən terror çağırışı edənlər Azərbaycana gətirilə bilər

Xaricdən terror çağırışı edənlər Azərbaycana gətirilə bilər
  14 İyul 2018    Oxunub:12598
“Terrora çağırış edənləri məsuliyyətə cəlb etmək mümkündür. Çünki cinayət qanunvericiliyi buna yol verir. Terrora təhrik etmək, çağırışlar etmək barədə Cinayət Məcəlləsində müvafiq norma nəzərdə tutulub”.
Bunu AzVision.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Xaricdən terror çağırışı edənlərin axtarışa verilməsi ilə bağlı məsələyə toxunan Ə.Nuriyev bildirib ki, Azərbaycanın bir çox ölkələrlə terrora qarşı mübarizə sahəsində razılaşmaları var:

“Azərbaycan 2001-ci ildə ABŞ-da terror aktı baş verdikdən sonra yaradılan Anti-terror koalisiyasına ilk qoşulan ölkələrdən biridir. Ona görə Azərbaycan tərəfi koalisiyaya qoşulan ölkələrlə əlaqəyə girərək həmin şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı məsələ qaldıra bilər. Müvafiq sənədləri təqdim etməklə onları həmin ölkədə məsuliyyətə cəlb etdirə bilər. Yaxud həmin şəxslər Azərbaycana təhvil verilə bilərlər. Çünki bunlar xüsusilə ağır cinayətlərdir, transmilli cinayətlər sırasına daxildir. Eyni zamanda Azərbaycan terrorizmə qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Həmin konvensiyaya qoşulan ölkələrlə bu istiqamətdə əməkdaşlıq etmək mümkündür. Bunlarla yanaşı, həmin şəxslərlə bağlı beynəlxalq polis orqanı “İnterpol”a da müraciət etmək olar. Çünki terrora qarşı mübarizə ayrıca bir ölkənin yox, bütün ölkələrin vahid bir işidir”.



Gəncədə baş verən terror hadisələrindən danışan hüquqşünas qeyd edib ki, təxribatçı qüvvələrin harada yerləşməsindən asılı olmayaraq, onları ədalətə təhvil vermək mümkündür.

“Gəncədə baş verənlər birbaşa terror əməliyyatıdır. Sosial şəbəkələrdə terrora çağırışlar edilib. Xaricdə bəziləri İŞİD-in fəaliyyətini qəhrəmanlıq kimi xarakterizə edirdi. O zaman həmin şəxslər məsuliyyətə cəlb olundular. Gəncə hadisələri də qəhrəmanlıq kimi qələmə verilirsə, Azərbaycan həmin şəxsləri məsuliyyətə cəlb edə bilər. Məhz sosial şəbəkələrdə terrorizmə dəstək verənlərin, çağırış edənlərin sayəsində, hücrələrdə gizlənən terrorçular aktiv fəaliyətə keçdilər və polis qardaşlarımızı şəhid etdilər. Hesab edirəm ki, bu istiqamətdə hüquq-mühafizə orqanları üçün yetərincə hüquqi əsaslar var. Terrora çağırış edənlərin əksəriyyəti xarici mərkəzlər tərəfindən dəstəklənir və ayrı-ayrı ölkələrdə yaşayırlar. Onların harada olmasından asılı olmayaraq, tutularaq ədalətə təhvil verilməlidirlər”, - Ə.Nuriyev vurğulayıb.

Hüquqşünas qeyd edib ki, terrora çağırış edənlər ölkəyə gətirildikdən sonra onları uzun müddətli həbs cəzası gözləyir: “Terrora çağırış ağır və xüsusilə ağır cinayətlər sırasına daxildir. Bu baxımdan onları ömürlük və 48 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Burada hər kəsin əməli adekvat qiymətləndiriləcək. Yəni cinayətdə rollarından asılı olaraq cəza alacaqlar”.

Qeyd edək ki, Gəncə hadisələri ərəfəsində terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Gəncə   Əliməmməd-Nuriyev  





Xəbər lenti